Fransanın müdafiə etdiyi terrorçular müttəhimlər kürsüsündə: "Azərbaycan dünyaya ləyaqət dərsi keçdi"
“Separatçı liderlərin hökmünün Xocalı soyqırımının törədildiyi günlərin ərəfəsində verilməsi ilahi ədalətin bərqərar olmasıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Elşad Paşasoy bildirib.

Şərhçi erməni separatçılarına oxunan hökmləri və bu prosesin beynəlxalq əhəmiyyətini şərh edib:
“Hesab edirəm ki, bir Azərbaycan vətəndaşı olaraq hər birimiz qürurverici günlər yaşayırıq. 30 ildən artıq bir dövrdə Azərbaycana qarşı saysız-hesabsız cinayətlər törətmiş, xalqımızın qüruruna toxunmuş və minlərlə insanımızın qanına əlləri bulaşmış cinayətkarların hüquq müstəvisində cəzalanması ilahi ədalətin təcəssümüdür. Bu, həm də beynəlxalq səviyyədə bir Azərbaycan nümunəsidir.
Ötən müddətdə bu şəxslərin azad olunması üçün Azərbaycana olmazın təzyiqlər edildi. Özünü ‘ədalət mücəssiməsi’ adlandıran paytaxtlar, beynəlxalq təşkilatlar basqı göstərməyə çalışdılar. Amma Azərbaycan rəhbərliyi heç vaxt geri çəkilmədi. Vaxtilə ‘Ohanyan səddi’ tikənlər, işğalçıya milyonlarla dollar dəstək verənlər Azərbaycanın əzmini qıra bilmədikləri kimi, ədalətli məhkəmənin qurulmasına da mane ola bilmədilər”.
E. Paşasoy vurğulayıb ki, Azərbaycan cinayətkarlarla hüquq dilində danışmağı bacaran dövlət kimi adını tarixin şərəf lövhəsinə yazdırdı:
“Biz cinayətkarların məhv edilməsi əvəzinə, onlarla hüquq dilində danışmağın yolunu nümayiş etdirdik. O canilərin yerindəcə məhv edilməsi törədilən cinayətlərin tarixin yaddaşına dəlillərlə yazılmasına mane ola bilərdi. Amma ədalət məhkəməsi quruldu, şahidlərin iştirakı ilə cinayət qovluqları maddə-maddə sübuta yetirildi və etiraflar səsləndirildi. Separatçı liderlərin hökmünün Xocalı soyqırımının ildönümü ərəfəsində verilməsi Azərbaycanın hüquq dövləti olduğunu və savaşı belə ləyaqətlə apardığını növbəti dəfə sübut etdi”.
Sonda siyasi şərhçi Fransanın işğalçıları müdafiə edən mövqeyini kəskin tənqid edib:
“Ermənistan rəhbərliyinin belə müdafiə etmədiyi bu şəxsləri Fransa hökuməti müdafiəyə qalxdı, sərsəm qətnamələr qəbul etdilər. Amma Azərbaycanın beynəlxalq hüquqa dayanan prinsipial mövqeyini heç kim dəyişə bilməz. Bu, separatizmə böyük dərs olsun. Ermənistanda oturan separatçı dəstəkçiləri də unutmasınlar ki, bir gün onlar da müttəhimlər kürsüsündə dayanacaqlar. Beynəlxalq hüququn bacarmadığını Azərbaycan məhkəməsi reallaşdırdı!”
Nurlan Cəfəri












