!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransız hərbçilərinin Ermənistana gətirilməsi məsələsi GÜNDƏMDƏ: “Paris İrəvana siyasi təsir rıçaqlarını artırır”

!Reklam – Yazi

 

“30 ilə yaxın Ermənistan Rusiyanın Cənubi Qafqaz forpostu rolunu oynayıb və Rusiyanın müttəfiqi kimi İrəvan daim Moskvaya arxalanıb və güvənib. Bu istiqamətdə də Ermənistan iqtisadiyyatının böyük hissəsi, habelə bu ölkənin nəqliyyat kommunikasiyalarının əksəriyyəti Rusiyaya məxsus olub. Eləcə də Rusiyanın Gümrüdə uzun illərdir ki, 102 nömrəli hərbi bazası var, hətta Ermənistanın sərhədlərini belə Rusiya hərbçiləri qoruyur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

 

Siyasi təhlilçi son günlərdə Ermənistan və Azərbaycan arasında Fransanın bu ölkəni silahlandırmasından sonra gərginləşən münasibətlərdən söz açıb.

Onun sözlərinə görə, son 3 il ərzində Nikol Paşinyan hakimiyyətinin Rusiyanın təsir dairəsindən çıxaraq, daha çox Qərbə üz tutduğu müşahidə edilib:

“Hətta son aylarda biz, xüsusilə Fransanın Cənubi Qafqazda öz hökmranlığı və varlığını qoruyub, saxlamaq üçün Ermənistandan bir alət kimi istifadə etdiyini müşahidə edirik. Məlumdur ki, Ermənistan Silahlı Qüvvələri rəhbərliyi ilə Fransa hərbi dairələri arasında məsləhətləşmələr həyata keçirilir. Hətta fransız hərbçilərin Ermənistana gətirilməsi məsələsi artıq gündəmdədir və bu istiqamətdə danışıqlar aparılır. Xüsusilə də rəsmi Paris İrəvana milyon dollarlarla dəyəri olan silah-sursat verir”.

Siyasi təhlilçi diqqətə çatdırıb ki, öldürücü döyüş silahları olan bəzi hərbi texnikaların Ermənistana verilməsi ilə bağlı artıq razılıq əldə olunub:

“Maraqlıdır ki, bu silahlar heç bir imkanı olmayan, iqtisadiyyatı aşağı səviyyədə olan Ermənistana uzunmüddətli şərti ilə verilir. Bu isə Ermənistanı bir ölkə kimi Fransanın asılılığına salır. Belə olan təqdirdə isə Paris İrəvana siyasi təsir rıçaqlarını artırır və öz hərbçilərini Ermənistanda yerləşdirmək üçün sözügedən metodlardan istifadə edir”.

S. Kərimli onu da əlavə edib ki, bu gün əsas məqsəd Rusiyanı Ermənistandan çıxarmaq və Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşıdrmaqdır:

“Təbiidir ki, Fransanın əsas məqsədlərindən biri isə daim milli maraqlarla və müstəqil siyasətə əsaslanan Azərbaycana qarşı bundan istifadə etməkdir. Məlumdur ki, zaman-zaman Fransa Azərbaycana qarşı düşmənçilik mövqeyi bəsləyib. Əvvəlki dövrlərdə bu, Fransadakı erməni lobbisi tərəfindən keçirilirdisə, son illərdə artıq bu məsələ yarıtmaz siyasət yürüdən Emmanuel Makron hakimiyyətinin əsas məsələsinə çevrilib ki, bu gün ölkəmizə qarşı bu cür düşmənçilik mövqeyi sərgilənir və Ermənistandan bir vasitə kimi istifadə olunur”.

O, hesab edir ki, baş verən proseslər çox böyük təhlükələrə gətirib çıxara bilər:

“Eyni zamanda, Cənubi Qafqaz sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində çox ciddi maneələr yarada bilər. Hətta Fransanın təhriki ilə Azərbaycanla müharibəyə də sürüklənə bilər. Çünki bir neçə gün bundan əvvəl Ermənistan ordusu Naxçıvandakı mövqelərini dayanmadan atəşə tuturdu. Eləcə də ötən 2 gün ərzində biz şərti dövlət sərhədimizdə – Kəlbəcər istiqamətində mövqelərimizin dayanmadan atəşə tutulmasının şahidi olduq. Bütün bunlar Fransanın Ermənistana verdiyi dəstəyin işartıları və göstəriciləridir”.

“Hazırda Ermənistan çox ciddi şəkildə həm silahlandırılır, həm də Azərbaycana qarşı müharibəyə hazırlaşdırılır. Lakin qətiyyətlə və əminliklə bildirmişik ki, istər Fransa, istərsə də digər Qərb ölkələri nə qədər Ermənistanı silahlandırmağa çalışsalar da, eləcə də Azərbaycanı Ermənistanla hərbi təxribata sürükləsələr də, bunun heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan qüdrətli və çox güclü bir ölkədir, Azərbaycanın çox güclü, dünya miqyasında ilk onluqlarda qərarlaşan ordusu var ki, istənilən təxribatın da qarşısı amansız formada alınacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

320
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv