Fransız yazıçı Azərbaycan qadınlarından yazacaq
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycanda qonaq olan fransalı yazıçı-publisist Jan Luis Gouard ilə görüşüb.
Yenicag.az anspress-ə istinadən bildirir ki, J.L.Gouard qeyd edib ki, 2013-cü ildə YUNESKO-nun qərarı ilə Azərbaycanın çövkən milli oyununun dünya mədəni irsinə daxil edilməsindən sonra atlar vasitəsilə oynanan bu oyun barədə Avropa vətəndaşlarının məlumatlandırılması üçün Qarabağ atları haqqında kitab yazıb. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Qarabağın atları” kitabının Kann şəhərində təqdimatı olub və müəllif J.L.Gouard 2014-cü ildə bu nəşrə görə “Ambassador of International Horse Show” mükafatına layiq görülüb. Növbəti kitabını Azərbaycan qadınları haqqında yazmağı planlaşdıran J.L.Gouard hazırda müvafiq tarixi materialları toplamaqla məşğul olduğunu bildirib.
Şura sədri rəhbərlik etdiyi qurumun Azərbaycan milli mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada təbliğinə xüsusi önəm verdiyini vurğulayıb. A.Quliyev bildirib ki, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr qrupuna rəhbərlik etməklə Fransa ilə mədəni və siyasi əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi işinə böyük töhfələr verir. Heç təsadüfi deyil ki, Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı böyük önəm daşıyan layihələr bu gün məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Parisdə, digər Avropa ölkələrinin paytaxtlarında təqdim olunaraq dünyaya tanıdılır.