!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FT: Ukrayna ABŞ ilə Ciddə görüşündə qismən atəşkəs TƏKLİF EDƏCƏK

!Reklam – Yazi

Ukrayna Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda ABŞ-ni kəşfiyyat və hərbi dəstəyi bərpa etməyə inandırmağa çalışacaq və bununla da Volodimir Zelenskinin Rusiya ilə müharibəni tez bir zamanda bitirmək niyyətində olduğunu sübut etməyə cəhd edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “The Financial Times” nəşri mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, danışıqlara hazırlıqla bağlı məlumat verən rəsmilər Kiyevin Rusiya ilə qismən atəşkəs təklif etməyə hazırlaşdığını bildiriblər. Söhbət uzaqmənzilli zərbələrin və Qara dənizdəki döyüş əməliyyatlarının dayandırılmasından gedir. Kiyev ümid edir ki, danışıqlarda irəliləyiş əldə olunarsa, Vaşinqton kəşfiyyat məlumatlarının mübadiləsinin və silah tədarükünün dondurulması ilə bağlı qərarını ləğv edəcək.

Ukraynalı rəsmilərdən biri əlavə edib ki, yaxın perspektivdə Kiyev ABŞ ilə əlaqələrin möhkəmləndirilməsinə üstünlük verəcək. Eyni zamanda, iki avropalı rəsmi Kiyevin atəşkəslə bağlı danışıqlarda irəliləyişi “xidmətə qarşı xidmət” kimi – hərbi və kəşfiyyat dəstəyinin bərpasına qarşılıq olaraq gördüyünü vurğulayıb. ABŞ Dövlət Departamentinin sözçüsü isə bildirib ki, dövlət katibi Marko Rubio bazar ertəsindən çərşənbə gününə qədər Səudiyyə Ərəbistanının Ciddə şəhərində olacaq və orada “prezidentin Rusiya-Ukrayna müharibəsinin dayandırılması məqsədini irəlilətmək” üçün danışıqlar aparacaq.

Qeyd edək ki, cümə axşamı Volodimir Zelenski Brüsseldə Avropa İttifaqı (Aİ) liderlərinə ABŞ ilə ümumi çərçivə sazişi bağlamaq istədiyini bildirib. Bu saziş daha detallı razılaşmalar üçün – mineral resurslar və təhlükəsizlik zəmanətləri ilə bağlı yeni müqavilələrə yol açmalı idi. Daha genişmiqyaslı bu saziş hava hücumlarının, dəniz əməliyyatlarının və enerji infrastrukturu da daxil olmaqla mülki obyektlərə zərbələrin dayandırılmasını nəzərdə tutur. Bundan sonra isə əsirlərin mübadiləsi və Rusiya hakimiyyəti tərəfindən oğurlanmış ukraynalı uşaqların geri qaytarılması məsələsi gündəmə gəlməlidir.

Bazar günü isə “NBC News” kanalı ABŞ rəsmilərinə istinadən bildirib ki, faydalı qazıntılarla bağlı saziş Donald Tramp üçün yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etmək üçün kifayət etməyəcək. Həmçinin kanalın məlumatına görə, ABŞ prezidenti Zelenskidən müəyyən güzəştlərə getməyi, məsələn, bəzi ərazilərdən imtina etməyi, Ukraynada seçkilərin keçirilməsi istiqamətində addımlar atmağı və ya hətta istefa verməyi tələb edir.

“Reuters” agentliyi isə yazıb ki, ABŞ rəsmiləri Səudiyyə Ərəbistanında ukraynalı nümayəndə heyəti ilə görüşdən qismən də olsa, Ukraynanın müharibənin dayandırılması naminə Rusiyaya hansı dərəcədə güzəştə getməyə hazır olduğunu öyrənmək üçün istifadə etməyi planlaşdırırlar.

Rafi Müslümov

www.yenicag.az

81
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv