Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.
Yeniçağ.Az-ın Report-a istinadən məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma keçirilib.
İlk oyunda “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib. Oyunda ilk qolu 53-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu Məhəmməd Qurbanov vurub. Lakin 6 dəqiqə sonra meydan sahiblərinin heyətində Vitali Vernidub fərqlənib – 1:1. Oyun bu hesabla da başa çatıb.
“Qəbələ” hazırda 32 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Xal ehtiyatını 18-ə çatdıran “Sumqayıt” isə 4-cüdür.
Günün son qarşılaşması isə “İnter Arena”da olub. Bakının “İnter” klubu Gəncə “Kəpəz”ini sınağa çəkib. Oyunda hesabı açan tərəf qonaqlar olub. Tural Axundov 39-cu dəqiqədə topu cərimə zərbəsindən qapıya göndərib. İlk hissəyə əlavə olunmuş 2-ci dəqiqədə Nizami Hacıyev bərabərlik topunun müəllifi olub. Birinci 45 dəqiqə bu hesabla yekunlaşıb.
İkinci hissədə isə azarkeşlər meydan sahiblərinin ifasında çox qollu oyun izləyib. Oyunun 53-cü dəqiqəsində Fuad Bayramov, 8 dəqiqə sonra Abbas Hüseynov, 79-cu dəqiqədə isə Rauf Əliyev “İnter”in qollarının müəllifi olub. Görüş “İnter”in 4:1 hesablı qələbəsi ilə bitib.
Bu nəticədən “İnter” 28 xalla 3-cü pillədə möhkəmlənib. Aktivində 15 xal olan “Kəpəz” isə 6-cıdır.
Qeyd edək ki, tura sabah keçiriləcək “Zirə” – AZAL və “Qarabağ” – “Neftçi” oyunları ilə yekun vurulacaq.
Yeniçağ.Az
www.yenicag.az