Futbolda penaltilərlə bağlı qaydada dəyişiklik edildi
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 11 metrlik cərimə zərbələri ilə bağlı qaydada dəyişiklik edildiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, yeniliyə əsasən, zərbə zamanı top oyunçunun digər ayağına, eləcə də həmin ayağın digər nahiyələrinə dəyərsə, penalti təkrarlanacaq.
Qərar bu il iyulun 1-dən etibarən qüvvəyə minəcək. Lakin yeniliyin həmin tarixdən əvvəlki matçlarda sınaqdan keçiriləcəyi də istisna edilmir.
Qeyd edək ki, əvvəlki qaydaya görə, zərbə zamanı top futbolçunun digər ayağına da dəydiyi təqdirdə qol ləğv olunurdu. Son belə hadisə İspaniyanın “Atletiko Madrid” komandasının hücumçusu Xulian Alvaresin başına gəlmişdi. Argentinalı forvardın UEFA Çempionlar Liqasında “Real Madrid”lə matçda penaltidən vurduğu qol eyni səbəbdən qeydə alınmamışdı./AZƏRTAC/