Füzuli şəhərində 8 noyabr Zəfər Gününə həsr olunan konsert təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, nümayəndəliyin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, Füzuli şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb. Çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qələbə münasibətilə hamını təbrik edib. Xüsusi nümayəndə qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun parlaq qələbəsi sayəsində azad edilən ərazilərdə həyat yenidən canlanıb və sakinlər doğma yurdlarına qovuşmağın sevincini yaşayırlar. Suverenliyi və ərazi bütövlüyü bərpa olunan Azərbaycanın əzəli torpaqlarında şanlı bayrağımız dalğalanır və Azərbaycan regionda və dünyada söz sahibi olan dövlətdir.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra konsert proqramı başlayıb. Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzinin kollektivinin və Beynəlxalq Muğam Mərkəzinin solistlərinin çıxışları izlənilib.
www.yenicag.az