!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

G20 sammitinin pərdəarxası məqamları... - ABŞ-Rusiya münasibətlərindəki QORDİ DÜYÜNÜ

!Reklam – Yazi

Bu gün Almaniyada Böyük 20-lərin növbəti sammiti keçirilir. Hansı ki, ABŞ-ın yeni prezidenti Donald Trampın burada ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi də istisna edilmir. Ümumiyyətlə, G20-nin Hamburq sammitindən nə gözləmək olar?

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında bildirdi ki, G20 sammitindən heç nə gözləmir:

“Dünyada iqtisadi böhran hələ də davam edir. Ola bilsin ki, bu istiqamətdə müəyyən bəyanatlar verilsin, müraciətlər edilsin. Amma bütövlükdə toplantının mövcud siyasi gərginliyə təsir edəcək qərarlar almaq gücündə olmadığı qənaətindəyəm. Bununla belə sammitin keçirilməsi sözsüz ki, vacibdir. Çünki ən azından dövlətlər problemləri çözmək üçün müəyyən fikir mübadiləsi aparacaqlar. Lakin inkişaf etmiş, orta səviyyəli və geridə qalmış ölkələr arasındakı problemlərin həlli istiqamətində bu günə qədər çoxsaylı toplantılar keçirilsə də, indiyə kimi əməlli-başlı addım atılmayıb. Ona görə də neoqlobalizm əleyhdarları orada çoxsaylı etiraz mitinqləri keçirirlər. Onlar dünyanın indiki inkişaf xəttindən, varlı ölkələrin daha da varlanması, yoxsul dövlətlərin isə daha da yoxsullaşmasından narahatdır. Xüsusən də dünyada ədalətin olmamasından narazıdırlar.

Bu nöqteyi-nəzərdən yeni dünya düzəninin qurulması, xüsusilə də sosial ədalət prinsiplərinin bərqərar edilməsi, geridə qalan ölkələrə müəyyən yardımlar göstərilməsinə çarə tapmaq istiqamətində təkliflərin səslənməyəcəyi qənaətindəyəm. Ona görə də bu toplantıların getdikcə daha çox formal xarakter daşıdığını söyləmək istərdim. Sammit çərçivəsində ABŞ prezidenti Trampla Rusiya dövlət başçısı Putin arasında rəsmi xarakter daşımayan birsaatlıq danışıqdan da nəsə gözləməyinə dəyməz. Hər bir tərəf öz fikrini söyləməklə kifayətlənəcək, yaxud da yeni görüşlə bağlı vədlər verəcəklər. 1 saat ərzində Putini özünün neoimperialist siyasətindən geri çəkmək mümkün deyil. Trampın isə bu istiqamətdə lazım olan səriştəsi yoxdur. Zənnimcə, ABŞ-Rusiya münasibətləri yaxın dövrdə həll olunmaq imkanına malik deyil. Əksinə, qarşıdurma daha barışmaz xarakter alacaq”.

ELÇİN

Yenicag.az

COP29

www.yenicag.az

1181
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv