Azərbaycanda növbəti il üçün İşsizlikdən Sığorta Fondunun gəlirləri məlum olub.
Yenicag.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə bu gün dərc edilən rəyində deyilir.
Rəyə əsasən, 2023-cü ildə İşsizlikdən Sığorta Fondun gəlirləri 212,7 mln. manat nəzərdə tutulub ki, bu da Fondun 2021-ci ilin icra göstəricisindən 8,0%, 2022-ci il üçün təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə isə 17,3% çoxdur.
Qanun layihəsinə görə, Fondun növbəti ildə gəlirlərinin 75,0%-i işsizlikdən sığorta haqqının, 24,9%-i əvvəlki ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitinin, 0,1%-i isə sair gəlirlərin hesabına formalaşacaqdır.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs (Agentlik) tərəfindən təqdim olunmuş məlumatlara əsasən 2022-ci ilin I yarısı üzrə Fondun gəlirləri 82,0 mln. manat təşkil etmiş, əvvəlki illərdə istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə vəsait yönəldilməmişdir. Bu isə Fondun cari il üzrə proqnozlaşdırılmış cəmi gəlirlərinin 45,2%-nə bərabərdir.
www.yenicag.az