“Özəlliklə də aktrisalar bu məsələyə ekstrahəssaslıqla yanaşmalıdırlar”.
Bu sözləri gənc aktrisa Rəbbilə Ələkbərzadə Yenicag.az-a açıqlamasında deyib.
O, plastik əməliyyatlar və estetik prosedurlara qarşı olmadığını desə də, xüsusilə, aktrisaları bu əməliyyatlar zamanı diqqətli olmağa çağırıb:
“Ümumiyyətlə, plastik əməliyyatların və hər hansı estetik müdaxilələrin əleyhinə deyiləm. Kim özünü necə rahat hiss edirsə, o cür də görünməyə haqqı çatır. Öz seçimidir.
Amma ifrat dərəcədə edilən estetik prosedurlara qarşıyam. Xüsusilə də gənc yaşlarında olunan estetik müdaxilələri düzgün saymıram. Mənə görə, təbii gözəllik daha üstündür. Şişirdilmiş, əndazədən çıxan estetik və plastik əməliyyatlar insanlar tərəfindən də müsbət qarşılanmır.
Özəlliklə də aktrisalar bu məsələyə ekstrahəssaslıqla yanaşmalıdırlar. Çünkü bizim sənətimiz elədir ki, daim tamaşaçı önündəyik və emosional əhvalı çatdırmaq, daxili aləmi nümayiş etdirmək üçün təbiilik çox vacibdir. Bu məqamlarda mimika, üz cizgiləri çox böyük önəm daşıyır. Təsəvvür edin, obraz olaraq ağlayırıq, məyus oluruq, yaxud da gülürük, sevincimizi ifadə edirik, amma üzümüzdə o qədər çox estetik prosedurlar olunub ki, bu duyğunu mimikamızla tamaşaçıya çatdıra bilmirik.
Belə olan halda hansı təbiilikdən söhbət gedə bilər? Tamaşaçı aktrisanın süni üz cizgilərinə baxdıqda, yaratdığı obraza da inanmayacaq. Bəlli bir yaşdan sonra aktrisa hansısa estetik müdaxilələr etdirə bilər. Ancaq bunu təbiiliyə xələl gətirmədən etdirmək lazımdır”.
Cəvahir
www.yenicag.az