Gənc diplomatlar “Khazar İslands”-da-Fotolar
“Avesta Konsern”in həyata keçirdiyi möhtəşəm “Khazar İslands” layihəsinə maraq həm dünyada, həm də Azərbaycanda artmaqdadır. Azərbaycan Gənc Diplomatlar Birliyinin təşəbbüsü və təşkilatçılığı Birliyin yüzdən artıq üzvü “Khazar İslands”la tanış olmaq üçün layihənin həyata keçirildiyi əraziyə səfər ediblər.
Qeyd edək ki, 2001-ci ilin mayın 12-də təsis edilmiş, 2005-ci il mayın 30-da rəsmi dövlət qeydiyyatına alınmış Azərbaycan Gənc Diplomatlar Birliyi öz ətrafında Azərbaycanda fəaliyyət göstərən Ali məktəblərin beynəlxalq münasibətlər, diplomatiya, beynəlxalq hüquq və politologiya fakültəsində oxuyan və bu sahə üzrə ixtisaslaşaraq dövlət orqanlarında çalışan gəncləri öz ətrafında birləşdirir.
Birliyin təşəbbüsü ilə “Khazar İslands”a ekskursiyasında Bakı Dövlət Universiteti, ADA Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Slavyan Universiteti, İtaliyanın Sapienza Universiteti, Taras Şevçenko adına Kiyev Dövlət Universiteti, Marmara Universitetində oxuyan tələbələr, eləcə də dövlət orqanlarında çalışan gənc mütəxəssislər iştirak ediblər.
“Khazar İslands” layihəsini həyata keçirən “Avesta Konsern”in prezidenti Hacı İbrahim Nehrəmli gənclərin layihəyə marağını onların Azərbaycanda baş verən sürətli iqtisadi inkişafı yaxından izləmələri ilə əlaqələndirərək bu inkişafı özündə əks etdirən layihələrlə yaxından tanış olmaq təşəbbüsünü yüksək qiymətləndirib.
“Khazar İslands” layihəsi ilə bağlı gənclərə geniş məlumat verən “Avesta Konsern”in prezidenti bu layihə ilə bağlı ideyanın meydana gəlməsini və artıq reallaşmağa başlamasını Azərbaycanın prezident İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurlar əldə etməsi ilə əsaslandırıb. Hacı İbrahim Nehrəmli bildirib ki, bu gün Azərbaycan dövlətinin gücünü göstərən önəmli məqamlardan biri də Azərbaycanlı iş adamlarının həm ölkə daxilində, həm də ölkədən xaricdə böyük layihələrə imza atmalarıdır. Rəhbərlik etdiyi “Avesta Konsern”in həyata keçirdiyi “Khazar İslands” layihəsinin də Azərbaycan dövlətinin artıq güclü bir dövlətə çevrildiyinin sübutu hesab etdiyini söyləyən Hacı İbrahim Nehrəmi bu şəhərin həm də Azərbaycanın gələcəyi ilə bağlı aydın təsəvvürlər yaratmağa imkan verdiyini qeyd edib. Azərbaycanın gələcəyinin ölkə gənclərinin əlində olduğunu vurğulayan Hacı İbrahim Nehrəmli onları dövlətinə layiq mütəxəssis olmağa çağırıb və bunun üçün elmə xüsusi önəm verilmələrini istəyib.
“Khazar İslands” layihəsində 5 universitetin də yaradılmasının nəzərdə tutulduğunu qeyd edən “Avesta Konsern”in prezidenti həmin ali məktəblərin dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alması üçün də əlindən gələni edəcəyini qeyd edib. Gənclərin adından xoş qarşılanma üçün “Avesta Konsern”in prezidentinə təşəkkür edən Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov “Khazar İslands” layihəsinin ölkə üçün önəmini vurğulayıb və layihənin həyata keçirilməsini yaxından izləyəcəklərini qeyd edib.