Gəncə şəhərində əl qumbarası tapılıb.
Bu barədə Yenicag.az-a Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Belə ki, noyabrın 20-si saat 13:06-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, Xəqani küçəsi, ev 16 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
www.yenicag.az