!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Geosiyasi proseslərin yeni PLANI: Avropanın üç ölkəsi Fələstin dövlətini tanıyacaqlarını bəyan etdi

!Reklam – Yazi

Bu gün İrlandiya, Norveç və İspaniya Fələstin dövlətini tanıyacaqları barədə bəyanat səsləndiriblər.

Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini açıqlayan politoloq Vəli Əlibəyov bildirib ki, hazırda dünyanın siyasi xəritəsi yenidən qurulur, geosiyasi proseslərin aktivləşməsində də əsas səbəb məhz bu amildən asılıdır.

“Fələstin və İsrail arasındakı məsələ uzun illərdir davam edən münaqişə kimi qiymətləndirilə bilər. Müxtəlif dövlətlər və təşkilatlar isə dəfələrlə vasitəçilik edərək həll yolunu tapmağa çalışıblar. Ancaq hər bir cəhd uğursuz olub. Müəyyən müddət sakitlik hökm sürsə də münaqişə yenidən alovlanıb”, – deyə o bildirib.

Politoloqun sözlərinə görə, hazırda dünya siyasi xəritəsinin yenidən qurulması prosesi geosiyasi prosesləri aktivləşdirib.

“İsrail və Fələstin arasındakı münaqişənin də alovlanmasını məhz bu səbəbdən qiymətləndirmək olar. Sadalanan üç ölkənin də Fələstinin müstəqilliyini tanıması geosiyasi proseslərin bir planıdır. Müharibəni dayandırıb-dayandırmayacağı isə sual altındadır.

Ümumilikdə tarixi münaqişələr təcrübəsinə nəzər yetirsək həll yolunun yalnız tərəflər arasında razılıqdan asılı olduğunu görərik. Əgər bu baş verməyəcəksə əmrlə, göstərişlə problemin həlli mümkün olmayacaq”, – deyə o bildirib.

Xatırladaq ki, İrlandiyanın baş naziri Saymon Harris ölkəsinin Fələstin dövlətini tanıyacağını bildirib.

“Bu gün İrlandiya, Norveç və İspaniya Fələstin dövlətini tanıdığımızı bəyan edirlər. İndi hər birimiz bu qərarı həyata keçirmək üçün lazımi addımları atacağıq”, – Harris Dublində bir sıra rəsmilərlə birgə konfransda bildirib.

Eyni zamanda, Harris digər ölkələrin də yaxın həftələrdə “bu mühüm addımı” atacağına əminliyini ifadə edib.

Nəsimi Ələsgərli

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv