“Kiməsə seçimlərinə görə yuxarıdan aşağı baxmaq və yaxud da hansısa alçaldıcı bir ifadələrlə replika atmaq həm etik, həm də hüquqi cəhətdən yolverilməzdir”.
Bu sözləri bəzən cəmiyyət tərəfindən qadınların sırf geyimlərinə görə yarqılanmaları, onlara qarşı müxtəlif zorakı aktların tətbiq edilməsi mövzusunu şərh edərkən sosioloq Üzeyir Şəfiyev Yenicag.az-a açıqlamasında deyib.
O, geyim tərzinə görə kiməsə qarşı zorakılıq aktlarının törədilməsinin bütövlükdə hüquqa zidd bir davranış olduğunu bildirib:
“Hər kəsin öz zövqü, geyim mədəniyyəti var. Başqasının geyim tərzinə müdaxilə etmək onun haqqına girilməsi anlamını verir. Yəni geyim insanın öz seçimidir və hər kəs özünə necə xoşdursa, o şəkildə də geyinə bilər.
Şübhəsiz ki, bəzən cəmiyyətdə, xüsusilə qızların geyiminə münasibət birmənalı olmur. Məsələn, tutaq ki, bir qız açıq geyimdə hansısa bir mühafizəkar düşüncədə olan ucqar kəndə gedir. Həmin mühafizəkar düşüncəlilər belə geyimdə olanlara qarşı dözümsüzlük nümayiş etdirirlər. Sanki mühafizəkarlıqla yenilik bir-biri ilə koalisiyadadır.
Azərbaycan daha çox ənənəvi cəmiyyətə malik bir ölkədir. Ənənəvi cəmiyyətdə insan üzərində toplumun sərt nəzarəti olur. Sanki kütlə deyir ki, mən dediyim kimi geyinməli, davranmalı və düşünməlisən. Əks təqdirdə mən sənə tərzinə, hərəkətinə uyğun istədiyim adları qoyacam. Bu, ənənəvi cəmiyyətlər üçün xarakterikdir.
Ümumiyyətlə, qızların geyim tərzinə görə onlara qarşı zorakılıq aktlarının törədilməsi bütövlükdə hüquqa zidd bir davranışdır. Yəni bilmək lazımdır ki, həm sosial şəbəkələr üzərindən, həm də real həyatda hüquqa və əxlaqa zidd hərəkətlər hüquqi məsuliyyət yaradır. Hər kəs öz geyim seçimində azaddır. Hətta şəxs həddi-büluğa çatıbsa, yəni 18 yaşından yuxarıdırsa, onun öz geyim tərzinə ailəsi belə müdaxilə etməməlidir. Hər açıq-saçıq geyinənlərin yüngül həyat tərzi keçirən insan olduğu anlamına gəlmir. Hətta olsa belə, heç kəsin hüququ yoxdur ki, onlara qarşı əxlaqa zidd replikalar atsın, davranışlar sərgiləsin. Birinə 3 dəqiqə sistematik şəkildə baxmaq əslində ona qarşı zorakılıq tətbiq etmək anlamına gəlir.
Odur ki, istənilən insan öz geyimində, davranışında, tərzində sərbəstdir və insanların seçiminə hörmətlə, tolerant yanaşmaq lazımdır. Bu seçimlərinə görə onlara yuxarıdan aşağı baxmaq və yaxud da hansısa alçaldıcı bir ifadələrlə replika atmaq həm etik, həm də hüquqi cəhətdən yolverilməzdir”.
Sadiq Cavadov
www.yenicag.az