Gömrükdən daha bir şikayət: Vətəndaşın bağlaması qanunsuz şəkildə açıldı - FOTO
Dövlət Gömrük Komitəsində daha bir özbaşınalıqla bağlı şikayət ictimailəşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarında yaşayan diaspor fəalı, siyasi şərhçi Zaur Bayramlı paylaşım edib.
O, Azərbaycana göndərdiyi bağlamanın qanunsuz şəkildə içinə baxıldığını vurğulayıb:
“Hörmətli Dövlət Gömrük Komitəsinin rəhbərliyi, təxminən 10 gün əvvəl Amerikadan Azərbaycana ABŞ-nin “USPS” poçt şirkəti vasitəsilə göndərdiyim və bu gün “AzərPoçt”dan qohumum tərəfindən təslim alınan bu bağlamanın əməkdaşlarınız tərəfindən açılmasının adı nədir? Əgər ad qoymaqda çətinlik çəkirsinizsə, mən bir neçə variant təklif edə bilərəm, bunların arasından seçim etmək haqqını sizə buraxıram: qanunsuzluq, ədəbsizlik, tərbiyəsizlik, hədsizlik, vətəndaşı insan yerinə qoymamaq, vətəndaşın şəxsi mülkiyyətinə müdaxilə, oğurluğa cəhd, vətəndaşların Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş hüquqlarına tüpürmək…”
“ABŞ kimi yüksək təhlükəsizlik imkanları olan bir ölkənin “X-Ray” cihazlarından keçən bir bağlamanı açmaq, siçovul kimi eşələmək hansı “ağlın” məhsuludur, hörmətli məsul şəxslər?” – deyə bildirən Z. Bayramlı davam edib:
“Bir neçə yerdə “X-Ray”dan keçən bir bağlamanı açmaq hüququnu sizin təlim və tərbiyədən uzaq olan əməkdaşınıza kim verib? Bu kimi halları edənlərin məqsədi vətəndaşları, özəlliklə ölkədən xaricdə yaşayan soydaşlarımızı öz dövlətlərindən soyutmaqdan başqa bir şey deyil.
Hörmətli Dövlət Gömrük Komitəsinin rəhbərliyi, bir vətəndaş olaraq bu qanunsuzluğu edən əməkdaşınızın müəyyən edilərək qanun və daxili nizamnamə çərçivəsində cəzalandırılmasını və bununla bağlı tərəfimə məlumat verilməsini xahiş və tələb edirəm”.