“Güclü deyilsənsə, haqlı olmağın mənası yoxdur” – Türk ekspert İlham Əliyevin müsahibəsini şərh edir
Azərbaycan Prezidenti İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində yerli mətbuata verdiyi müsahibə yeni qlobal düzənin necə qavranıldığını və Azərbaycanın bu düzəndə özünü harada mövqeləndirdiyini açıq şəkildə ortaya qoyan strateji bir bəyannamə xarakteri daşıyır.
Əliyevin sözləri arasında ilk növbədə ən çox diqqət çəkən bu təsbit oldu: “Günümüz dünyasında beynəlxalq hüquq deyə bir şey yoxdur”.
Bu ifadə qulağa sərt gələ bilər, hətta bəziləri üçün narahatlıq da doğura bilər. Amma bu gün özümüzə verməli olduğumuz sual budur: Səhvdirmi?
Qəzzada dünyanın gözü qarşısında üzərinə bomba yağan uşaqları, Ukraynada öz soydaşı tərəfindən üzərinə bomba yağan xalqı, Venesuela dövlət başçısının gecə yatağından alındığı reallığını nəzərə aldıqda, bu səhvdirmi? Bu kontekstdə əsl sual budur: “Beynəlxalq hüquq kimlər üçün işləyir? Kimlər üçün bir məna ifadə edir?” Güclü olanın hüququ təyin etdiyi, zəif olanın isə hüquqa sığınmaqdan başqa çarəsinin qalmadığı bir dünyadayıq. Əliyevin etdiyi şey əslində bu həqiqəti diplomatik nəzakətlə bəzəmək deyil; olduğu kimi ifadə etməkdir.
Bu məqam, məncə, Azərbaycanın yaşadığı Qarabağ prosesi üçün də həlledici oldu. İllərlə işğal altındakı Azərbaycan torpaqları üçün beynəlxalq müstəvidə sükuta qərq olan qərarlar, icra olunmayan BMT qətnamələri və səssiz qalan beynəlxalq aktorlar Bakıya bu dərsi verdi: Haqq ancaq güclə qoruna bilir. Bu baxımdan Azərbaycan xalqı işğal altındakı torpaqlarını əldə etdiyi güc və Türkiyə ilə qurduğu qardaşlıq hüququ ilə xilas etdi.
Zəngəzur dəhlizi: Yol deyil, geopolitik mesaj
Müsahibənin onurğasını təşkil edən Zəngəzur dəhlizi məsələsi də bu baxış bucağının bir nəticəsidir. Əliyev üçün bu dəhliz yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı bir-birinə bağlayan nəqliyyat xətti deyil. Bu layihə həm də:
- Şərq-Qərb ticarətinin,
- Şimal-Cənub enerji və logistika xəttinin,
- Və Orta Dəhlizin potensialını artıran ünsürlərdən biridir.
Əslində Zəngəzur dəhlizi məsələsi Əliyevin ifadəsi ilə “həll olunmuş bir mövzudur”. Bu çərçivədə, Əliyevin qeyd etdiyi kimi, bu dəhlizin adı dəyişə bilər, düsturu dəyişə bilər; amma mahiyyəti dəyişməyəcək. Bu nöqtədə Ermənistana verilən mesaj son dərəcə aydındır: “Bu prosesə müqavimət göstərmək, geopolitik reallığa müqavimət göstərmək deməkdir”. Əliyevin “qaçmaq intihar olar” ifadəsi isə bir təhdiddən ziyada, geopolitik bir xəbərdarlıq kimi oxunmalıdır.
“Heç kim bizi dayandıra bilməzdi”
Əliyevin müsahibədə xüsusi olaraq üzərində dayandığı digər bir məqam isə Azərbaycanın İkinci Qarabağ Müharibəsində hərbi gücünü niyə qeyri-məhdud şəkildə istifadə etmədiyi ilə bağlıdır. Bu kontekstdə Əliyev Azərbaycanı yalnız qalib tərəf kimi deyil, nəzarətli güc tətbiq edən məsuliyyətli aktor kimi də xarakterizə edir. Əliyev müsahibəsində “Heç kim bizi dayandıra bilməzdi” deyərkən bir özünəinam bəyanatı verir. “Bunu etmədik, çünki səhv olardı” deyərkən isə siyasi bir sərhəd çəkir. Bu yanaşma Azərbaycanın artıq yalnız hərbi deyil, siyasi yetkinlik iddiası daşıyan regional güc olmaq hədəfini ortaya qoyur. Bütün bunlarla yanaşı, bu yanaşma Azərbaycan türklərinin Türkün döyüş adət-ənənələrinin gərəyini yerinə yetirdiyini də göstərir.
Türk Dünyası və hərbi reallıq
Müsahibənin ən strateji hissələrindən biri şübhəsiz ki, Türk Dövlətləri Təşkilatına dair mesajlardır. Əliyev açıq şəkildə bunu deyir: Beynəlxalq hüquq işləmirsə, dövlətlər öz təhlükəsizliklərini özləri təmin etmək məcburiyyətindədir. Bu baxımdan Əliyev qardaş Türkiyə ilə hərbi ittifaqı vurğulayarkən, Türk dünyası üçün ortaq hərbi təlimlər ideyasını irəli sürür. Əliyevin verdiyi mesajda diqqət edilməli olan məqam budur: Yeni dünyada ancaq hərbi uyğunluq, çəkindiricilik və ortaq refleks ehtiyacı açıq şəkildə dilə gətirilir.
Bu, əslində belə bir sualı gündəmə gətirir: “Türk dövlətləri; enerji, ticarət və nəqliyyat kimi sahələrdə birlikdə hərəkət edə bilirsə, təhlükəsizlik kimi həyati bir mövzuda niyə birlikdə hərəkət etməsin?”
Nəticə olaraq Əliyevin də vurğuladığı kimi, dünya artıq idealist mətnlərlə deyil, güc balansları ilə idarə olunur. Sülh istəyənlər güclü olmaq məcburiyyətindədir. Hüququ müdafiə etmək istəyənlər, əvvəlcə özlərini müdafiə edə bilməlidirlər.
Bu yanaşmanı bəyənməyə bilərsiniz, hətta sərt də hesab edə bilərsiniz. Amma bu yeni dünya düzənində bu həqiqəti yox saymağınız yerüstü və yeraltı sərvətlərinizlə yanaşı, bütün dəyərlərinizin güclünün əlində oyuncaq olması deməkdir. Bu kontekstdə Əliyevin müsahibəsindən anladığım əsas mesaj budur: “Güclü deyilsənsə, haqlı olmağın da bir mənası yoxdur”, çünki bu gün dünya artıq tam olaraq bu cümlə ətrafında formalaşır.
Ahmet Sağlam /Ankara












