Dünəndən etibarən növbəti geomaqnit qasırğası başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, hazırda G1 sinfinə malik geomaqnit qasırğası davam edir. Onun sözlərinə görə, gün ərzində G2 sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir): “Bir neçə gün əvvəl baş vermiş güclü qasırğa isə G4 kateqoriyalı idi. Sabah da geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir (G1 sinifli geomaqnit qasırğası ilə müşayiət olunacaq).
Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 5-dir (maksimum 9 olur). Günəş diskinin görünən səthində 1 aktiv ləkə qrupunda (AR) 11 ləkə müşahidə olunur. 10 sentyabrda əvvəlki güclü geomaqnit qasırğasının “günahkarı” olmuş AR 2673-dan X8.2 rentgen sinifli Günəş alışması generasiya olunub, lakin bu qrup Günəş diskinin arxasında olduğundan, baş vermiş Tac Kütlə Atılmalarının (CME) təsirləri geoeffektiv olmayıb (bilavasitə Yerə doğu yönəlməyib). Hazırda Günəş plazma küləyinin sürəti 525 km/san-dir və getdikcə artmaqdadır. Cari geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan və orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hazırda “günahkar” plazma küləyini sürəti 525 km/san-dir və getdikcə artmaqdadır”.
E.Babayev əlavə edib ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır. Onun sözlərinə görə, atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır. Direktor müavini vurğulayıb ki, qasırğa yuxarı en dairələrində daha effektiv olur, rəngarəng qütb parıltlarının (“Aurora borealis”) şəkilləri yenə də tezliklə mediada yayılacaq: “Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur.
Kosmik hava şəraiti yenə də əlverişsizdir. Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərindən əziyyət çəkənlər, ahıllar, eyni zamanda uşaqlar gərginlikdən qaçmalı, qabaqlayıcı tədbirlər görməlidirlər”.
www.yenicag.az