Güləşçilərimiz daha bir bürünc medal qazandı
Bakı-2015 birinci Avropa Oyunlarının sərbəst güləş yarışlarında bu gün Azərbaycan təmsilçiləri növbəti bürünc medalı qazanıblar.
Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarının son günündə Azərbaycan idmançıları ikinci, ümumilikdə isə 6-cı bürünc medalı əldə ediblər.
70 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ruslan Dibirhacıyev bürünc medal uğrunda görüşdə Gürcüstan idmançısı Davit Tlaşadze ilə qarşılaşıb.
Görüş güləşçimizin nisbi üstünlüyü şəraitində keçib. R.Dibirhacıyev gürcü rəqibinə 6:2 hesabı ilə qalib gələrək Avropa Oyunlarının bürünc medalına sahib olub.
70 kq
1/8 final – Ruslan Dibirhacıyev – Maqomedmurad Qacıyev (Polşa) 2:7
Təsəlliverici görüş – Miroslav Kirov (Bolqarıstan) – Ruslan Dibirhacıyev 1:4
Təsəlliverici görüş – Ruslan Dibirhacıyev – Zsombor Gulyas (Macarıstan) 4:3
Bürünc medal görüşü – Davit Tlaşadze (Gürcüstan) – Ruslan Dibirhacıyev 2:6
Xatırladaq ki, bu gün döşək üzərinə çıxan digər 3 güləşçimiz – Hacı Əliyev (61 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) da 3-cü yer uğrunda yarışmaq hüququ əldə ediblər. Onlardan Hacı Əliyev artıq Avropa Oyunlarını bürünc medalını qazanıb.
Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.
Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.
Sərbəst güləşçilərimiz ilk yarış günündə 2 qızıl və 1 bürünc medal əldə edib. Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) bürünc medala layiq görülüb.