Gümrü sakinləri qarşıdakı seçkilərdə mer seçə bilməyəcəklər. Şəhər uzun müddət rəhbərsiz qalacaq, Vanadzor kimi. Çünki rəqabət yüksəkdir və hazırda nə əksəriyyət toplaya biləcək, nə də koalisiya qurmaq şansı olan namizəd var.
Yenicag.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Gümrü Şəhər Şurasının seçkiləri həm maraqlı, həm də gərgin keçəcək:
“Artıq məlumdur ki, keçmiş mer Vardan Qukasyan namizədliyini irəli sürüb. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından isə hazırkı icraedici mer Sarik Minasyan siyahıya başçılıq edəcək. Parlament üzvü Martun Qriqoryan da “Hayreniq” Partiyasının siyahısını rəhbərlik edəcəyini açıqlayıb. Eyni zamanda, Andranik Tevanyan və Suren Surenyantsın komandaları da seçkidə iştirak edəcəklər. Dünən isə prodüser Ruben Mxitaryanın da maraqlı bir komanda ilə seçkiyə qatılacağı məlum olub”.
KİV əlavə edib ki, ümumi mənzərə budur, amma namizəd olmaq istəyənlər çoxdur və onlar hələ də hansı koalisiyaya qoşulacaqlarını müəyyənləşdirməyiblər:
“Hakimiyyətin mövqeyi isə qeyri-müəyyəndir. “Vətəndaş Müqaviləsi” daxilində ciddi gərginlik yaşanır və Sarik Minasyana qarşı partiya üzvlərinin bir qismi, eləcə də bölgə rəhbərliyi işləyir. O, öncə partiya daxilindəki rəqabətdən qalib çıxmalıdır. Ona “narahat olma, hər şey yoluna qoyulacaq” deyilsə də, əslində, vəziyyət düşündüyündən çətindir.Vardan Qukasyanın seçkiyə qoşulması isə digər namizədlər üçün ciddi problemdir, çünki onun Gümrüdə real seçici dəstəyi var. Onu “kriminal aləm” ilə əlaqələndirməyə çalışsalar da, Qukasyanın seçiciləri mövcuddur. Martun Qriqoryan da ciddi seçici bazasına sahibdir və Qukasyan ailəsi ilə uzun illərdir davam edən düşmən münasibətləri var”.
Nəşr vurğulayıb ki, Ruben Mxitaryan isə siyahıdakı ən yeni fiqurdur və siyasətdə, eləcə də şəhər həyatında “təzə sima” hesab edilir:
“Seçkilərin yekun nəticələri qeyri-müəyyəndir. Hansı qüvvələrin kimlə birləşəcəyi, hakimiyyətin hansı təzyiq mexanizmlərindən istifadə edəcəyi bəlli deyil. Vanadzordakı Mamikon Aslanyan nümunəsi göstərir ki, hakimiyyət namizədlərə ciddi təzyiqlər edə bilər. Aydın olan yeganə məqam odur ki, Nikol Paşinyan bu seçkiləri mümkün qədər kriminal kontekstdə aparmaq niyyətindədir. Hakimiyyətin əsas arqumenti belə olacaq: “Yenidən atışma və qətl istəyirsiniz? İstəmirsinizsə, “Vətəndaş Müqaviləsi”ni seçin!”
Rafi Müslümov
www.yenicag.az