Günel XƏZƏL: “Sən kimsən ki?”
Bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Ölkəmizdə, yəni Azərbaycanda. O Azərbaycan ki, seçmək hüququnu vətəndaşlarının qanı, canı bahasına qazanıb. Qazanıb ki, vətəndaş ölkəsini, əhalini idarə, qanunlara riayət olunmasına nəzarət edənləri özü seçsin. Şərqdə seçmə hüququnu ilk dəfə qadınlarına verib ki, xanımı da bərabərhüquqlu vətəndaş kimi tanınsın. Xalqı səs vermək, seçmək haqqına sahib olsun.
Hər bir vətəndaşın ölkənin idarə olunmasında iştirak etmək hüququ var. Seçki hüququ siyasi hüququnun təməlidir. Siyasi hüquqlar isə demokratik sistemin ən zəruri elementidir. Bu hüquqlar vətəndaş, cəmiyyət və dövlət arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə zəmin yaradır. Vətəndaş seçkidə iştirak etdikdə, ölkəsinə bir pay demokratiya bəxş edir. Seçkidə iştirak etməyən, vətənin taleyinə biganə qalan vətəndaş isə, dolayı yolla saxta seçkilərə şərait yaradır.
Azad və ədalətli seçki keçirilən ölkə demokratikdir. Ölkəmizdə mövcud iqtisadi, sosial və hüquq sistemi seçkinin vəziyyətindən aslıdır və onun əsasında formalaşıb. Seçki hüququna təkçə istədiyini seçmək yox həm də istəmədiyini, etimadı doğrultmayanın geri çağırılması da daxildir. Seçkiyə biganə qalmaq Qarabağ probleminə, iqtisadi problemlərə, haqsızlığa, təhsilsizliyə, mədəniyyətsizliyə, gələcəyimizə, övladlarımızın taleyinə biganə qalmaqdır.
Seçkiyə getmək nəyimizə gərək?
İlk arqumentimi, müəllifini bilmədiyim, çox bəyəndiyim bir sitatla gətirirəm.
“Pis məmurlar səsvermədə iştirak etməyən yaxşı vətəndaşlar tərəfindən seçilir”.
Siz vətəndaşsınız. Bunu hardan bilirik? Şəxsiyyət vəsiqəndə yazılan, “Azərbaycanlı” bölməsindən. Elə bilirsiz bu vəsiqə universitetə daxil olmaq, işə düzəlmək və kredit götürə bilmək üçün verilib? Əsla! Bu vəsiqə HƏM DƏ ona görədir ki, beş ildə bir keçirilən bələdiyyə seçkilərində məhəllənizi idarə edəcək adamları seçəsiniz, beş ildən bir rayon əhalinizin haqlarını parlamentdə müdafiə edən millət vəkilinin kim olacağına özünüz qərar verəsiniz, beş ildən bir keçirilən prezident seçkilərində vətəninizi idarə etməyi kimə etibar edəcəyinizi siz müəyyən edəsiz!
Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır (Azərbycan Respublikasının Konstitusiysı, maddə1. ) Xalq – yəni, siz, biz, sən, mən… Demir ki, hakimiyyətin mənbəyi oliqarxlar, məmurlardır. Deyir bizik. Yəni Azərbaycan xalqı.
Vətəndaşlar, siz seçkiyə gəlməyəndə biz dolayı yolla xalqın sərvətinin talanması cinayətinə kömək edirik. Hərəkətsizliyimiz, inamsızlığımız, öz haqqımızı tələb etməməklə kimlərinsə nahaqqını dəstəkləyir, kimlərinsə haqqına giririk. Olmaz! Gedək, səs verək. Bizim şəxsiyyət vəsiqəmizdəki kodlar xalqının taleyinə biganə məmurların cibinə işləməsin!
İkinci arqumentimin sitatı özümə məxsusdur.
Üç saata rahat vicdan qazanaq.
Niyə üç saat? Bir saat bələdiyyə, bir saat parlament, bir saat da prezident seçkilərinə ayırılan, yol, növbə və səs vermə zamanı. İctimai mədəniyyət ( avtobusda ucadan söhbət etməmək, tumu çırtlayıb yerə tökməmək və s. ) kimi, siyasi mədəniyyət anlayışı da var. Siyasi mədəniyyət, təkcə siyasi marağa sahib olmaq, daim siyasi proseslərlə maraqlanmaq, iştirakçı olmaq, mövqe bildirmək deyil. Siyasi mədəniyyət həm də vətənin, dövlətin həyat əhəmiyyətli proseslərində iştirakçı olmaqdır, yəni seçkidə iştirak etməkdir.
Bilirsinizmi çox vaxt niyə məmurlardan haqqımızı tələb edə bilmirik?! Çünki seçmirik, səs vermirik. Səs verdiyimiz, seçdiyimiz namizədin qapısına inamla gedib sözümüzü demək şansını əvvəldən “taleyə” (oxu, seçməkdiklərimizə) həvalə edirik. Mən 2015-ci ilin parlament seçkilərinə bir ildən çoxdur hazırlaşan, müxalif namizəd kimi qatılacağam. Müxalifət partiyasından seçkiyə qatılıb qalib gəlməyin nə qədər çətin olacağını çoxunuz güman edirsiz. Amma bir ildən çoxdur gördüyüm işə, namizəd olacağım rayonun sakinlərinə güvənirəm. Aylardır orda tanıdığım insanlara seçkidə iştirakın onlar üçün nə qədər vacib olduğunu izah edirəm. “Mənə səs verin.” demirəm, “ Seçkidə iştirak edin!” deyirəm. Çünki, vətəndaş olaraq, kiminsə seçmə azadlığına təzyiq etməyi doğru bilmirəm.
Əhali mənə etimad göstərib seçsə, gözləntilərini doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Məni seçməsələr belə, seçkidə iştirak etməkləri ilə hansısa mandat alıcısının yerini dar edəcəklər. İndi həmin rayonda sakinlərin çoxu bilir ki, şəxsiyyət vəsiqəsi onun haqq silahıdır. Azərbaycan, sən də bil. Qoy 125 dairədə sənin seçdiyin vəkillər millətimizi təmsil etsin.
Ömrümüzdən üç saatı övladlarımızın daha demokratik ölkədə yaşamasına xərcləyək. Tərbiyə edərkən siyasi mədəniyyəti də aşılamağı unutmayaq. “Bala, sən vətənaşsan”, “Səni, ölkəni idarə edənləri özün seçmək hüququna maliksən”, “Hakimiyyətin mənbəyi sənsən!” demək, daha yaxşı vətəndaş böyüdər, yoxsa “Sən kimsən ki?”, “Sənin səsin heç nəyi həll etmir”, Biz quluq” demək?! Aynanın qarşına keçib özünüzə də deyin: “Azərbaycanda hakimiyyətin mənbəyi MƏNƏM, çünki SEÇİRƏM!”