Bu gün Gürcüstan parlamentinin “Gürcü arzusu – Sosial Demokratlar” fraksiyasının iclası keçirilib.
Yeniçağ.Az xəbər verir ki, tədbirdə fraksiyanın üzvləri və mütəxəssislərin iştirakı ilə iqtisadiyyat və kənd təsərrüfatı məsələləri problemləri müzakirə olunub. “Gürcü Arzusu”nun nəzdində yaradılan “Sosial-Demokratlar” fraksiyasının iclasında fraksiya sədri Qia Jorjoliani, Qardabani və Saqareco rayonlarından majoritar deputat seçilən Savalan Mirzəyev və Roman Muçiaşvili iştirak edib.
Komissiyanəın iclasında Saqareco və Qardabani rayonlarında torpaq ərazilərindən istifadə ilə bağlı problemlər müzakirə olunub. “Gürcü arzusu – Sosial Demokratlar” fraksiyasının sədri Qia Jorjoliani və fraksiya üzvləri, yerli hakimiyyət orqanlarının nümayəndələri, ekspertlər gürcü və azərbaycanlıları narahat edən torpaq problemlərindən danışıblar. İclasda torpaq qeydiyyatı və müxtəlif problemlərin gecikmə səbəbləri barədə fikir və təkliflər vurğulanıb.
Tədbirdə əcnəbilərə Gürcüstanda, o cümlədən Saqareco və Qardabani rayonlarında torpaq sahələrinin satışına dair müzakirələr də aparılıb.
Qeyd olunub ki, torpaq islahatı və torpaq ərazilərinin qeydiyyatı bəzi kəndlərdə düzgün həyata keçirilməyib və sakinlər torpaqdan istifadə edə bilmirlər. İclasda həmçinin torpaq islahatı həyata keçirilən zaman bəzi sənədlərin itdiyi də vurğulanıb və hazırda torpaqların qeydiyyatı imkanları çətinləşib.
“Sosial-Demokratlar” fraksiyasının iclasında sədr Qia Jorjoliani çıxış edərək mövcud qanunvericiliyə görə torpaq probleminin həllinin çətin olduğunu, lakin yerli əhalini dəstəkləyəcəklərini bildirib. O, torpaq haqqında müəyyən xüsusi bir qərarın qəbuluna ehtiyac yarandığını bildirib: “Bunun üçün vəziyyət hərtərəfli təhlil etmək lazımdır”, – deyə fraksiya sədri qeyd edib.
Tədbirdə Qardabani və Saqareco rayonlarından majoritar deputat seçilən Savalan Mirzəyev və Roman Muçiaşvili, habelə mütəxəssislər çıxış ediblər.
Azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonundan parlamentə deputat seçilən Savalan Mirzəyev çıxışında azərbaycanlıları narahat edən problemlərin müvafiq orqanlar tərəfindən dəqiq araşdırılmasını və sənədlərin qaydaya salınmasını tələb edib. O, bu cür problemlərin yalnız Qardabani və Saqareco rayonlarda deyil, bölgədə mövcud olduğunu vurğulayıb.
Yeniçağ.Az
www.yenicag.az