Gürcüstan prezidenti Salome Zurabişvili fransalı həmkarı Emmanuel Makrona və Avropa Şurasının rəhbəri Şarl Mişelə ölkədə baş verən hadisələr, xüsusən də “Xarici agentlər haqqında” qanunla bağlı təcili müraciət edib.
Yenicag.az xəbər verir ki, bu barədə yerli “Pirveli” telekanalı məlumat yayıb.
Məlumata görə, Zurabişvili bu məsələyə Avropa İttifaqı Şurasının aprelin 17-18-də Brüsseldə baş tutacaq fövqəladə sessiyasında baxılacağına ümid etdiyini bildirib.
Bundan əvvəl Gürcüstan prezidenti hakim “Gürcü arzusu”nun “Xarici agentlər haqqında” qanunu qəbul etmək cəhdlərini Gürcüstan vətəndaşlarının əksəriyyətinin istəklərinə zidd olaraq, “Rusiyanın sabitliyi pozma strategiyası” adlandırıb. Zurabişvili özü də ölkə rəhbərliyinin niyyətinə qəti şəkildə qarşı çıxır, qanunu “rusca” adlandırır və onu yenidən tətbiq edən hakimiyyəti kəskin tənqid edir.
Xatırladaq ki, qanunun parlamentdə müzakirəsi qızğın mübahisə, hətta kütləvi dava şəraitində keçib və minlərlə vətəndaş qanunverici orqanın binası qarşısında aksiya keçirib. Aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma müşayiət olunub. Polisin bir neçə etirazçını həbs etdiyi bildirilir.
Rafi Müslümov
www.yenicag.az