"Trampın ziddiyyətli bəyanatları Ağ Evdəki fikir ayrılıqlarından xəbər verir" – Politoloq

media-hightechnic-468x90

“Tramp administrasiyası seçkilərə ciddi uğurlu siyasi yüklə gedə bilməyəcək.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

Politoloq ABŞ–İran münasibətlərində vəziyyətin stabil olmadığını, Trampın isə seçkiyə mənfilərlə hazırlaşdığını bildirib:

“İyul ayının əvvəllərindən başlayaraq ABŞ–İran silahlı qarşıdurmasının yenidən aktivləşməsi bir daha sübut etdi ki, tərəflər öz mövqelərində israrlı olmaqda davam edirlər. İslamabad Bəyanatının imzalanmasına baxmayaraq, mövqelərdəki uzaq məsafə eskalasiya ehtimallarını aktiv saxlayırdı. Mahiyyət etibarilə həm ABŞ, həm də İran bir növ “nəbz yoxlama” taktikasını tətbiq etməkdədirlər. Bu münaqişə diplomatik komponentləri özündə saxlamaqla dövri eskalasiya edir. Xarakterik xüsusiyyəti də məhz bundan ibarətdir. İran ciddi itkilər versə də, müqavimət qabiliyyətini hələ də saxlamaqdadır. ABŞ rəsmilərinin özlərinin etiraf etdikləri kimi, regionda HHM sistemlərinin komponentlərinin çatışmazlığı mövcuddur. Belə olan halda İran tərəfində yəqin kəşfiyyat məlumatları olmamış deyildir. Bu baxımdan, İran rəsmiləri, xüsusilə də XİN müavini zərbələrin davam etdiriləcəyini bildirir.”

Politoloq hesab edir ki, Trampın aralıq seçkilərində əli olduqca zəif görünür:

“Eyni zamanda, ABŞ Prezidenti də ziddiyyətli bəyanatlarını davam etdirir. Yəni bir gün İrana sarsıdıcı zərbələri davam etdirəcəyini bəyan edir, növbəti gün isə intensiv danışıqların getdiyini bildirir. D. Trampın belə ziddiyyətli bəyanatlarını və addımlarını bir sıra səbəblərlə izah etmək olar. Birincisi, görünür, Ağ Evdə D. Trampa təsir edə bilən qüvvələr fərqli mövqelərdən çıxış edirlər. Yəni fərqli məsləhətçilər prezidentə fərqli ssenarilər təqdim edirlər ki, bu da ictimai arenada qarışıq siqnallara çevrilir. Məsələn, danışıqlar aparan Stiv Vitkoff daha çevik variantlar təklif edə bilər, digər rəsmilər isə sərt mövqedə israr edirlər. Tramp tez-tez sərt bəyanatlardan və təhdidlərdən təzyiq vasitəsi kimi istifadə edir. Yerdəki vəziyyət dəyişdikdə, prezident kursunu dəyişdirməyə məcbur olur. İctimai arenada bu, bəzən əvvəlki açıqlamalardan “geri çəkilmə” kimi görünür. Bütün bunlarla yanaşı, hesab etmək olar ki, ABŞ tərəfinin yanlış hesablamaları haqqında da danışmaq olar. Yəni, görünür, İranın hərbi arsenalı, ayrıca olaraq raket arsenalı haqqında ABŞ tərəfində tam aydın məlumatlar mövcud deyil. Bunu D. Trampın verdiyi ziddiyyətli bəyanatlar da sübut edir. Məhz belə yanlış hesablama nəticəsində ABŞ-ın raket ehtiyatlarında məhdudiyyətlər yaranıb. Bu, sözsüz ki, yalnız texniki problem deyil, həm də münaqişənin məntiqini real dəyişdirən və bütün tərəflər üçün yeni risklər yaradan bir amildir. İntensiv zərbələr mübadiləsi zamanı ABŞ müəyyən növ silah ehtiyatlarını əhəmiyyətli dərəcədə azaltmışdır. Söhbət yalnız “Tomahawk” kimi zərbə raketlərindən deyil, həm də hava hücumundan müdafiə sistemləri üçün raketlərdən gedir. Aktiv münaqişə fazasında bu ehtiyatları tez bir zamanda bərpa etmək çətin olur. Bu baxımdan, biz müşahidə edirik ki, qısamüddətli sərt qarşıdurmadan sonra dialoq məsələsi aktuallaşır. Ən azından, ABŞ tərəfindən bu taktika artıq dəfələrlə təkrar olunmaqdadır. Görünür, İran tərəfi ABŞ-a regionda gücünü bərpa etməyə imkan vermək istəmir və sərt hərbi ritorikaya üstünlük verir. Belə olan halda ABŞ kütləvi raket zərbələrinin əvəzinə digər vasitələrə də əl atmaqda maraqlıdır. Məsələn, daxili narazılıqlardan istifadə etmək cəhdləri baş tutmadı. Yəni rejimi dəyişməyə imkan verəcək belə kütləvi narazılıqlar baş vermədi. Regiondakı proksi güclərdən istifadəyə, gücləndirilmiş kəşfiyyata, kiberəməliyyatlara və daha geniş çəkindirici vasitə yaratmaq üçün müttəfiqlərlə işləməyə ciddi üstünlük verilə bilər. Digər bölgələrdən hərbi gücün cəlb edilməsi isə ABŞ-ın həmin bölgələrdəki mövqelərini zəiflədə bilər. Məsələn, Hind-Sakit okean bölgəsindən hərbi arsenalın və kontingentin Fars körfəzi regionuna cəlb edilməsi bu strateji coğrafiyada ABŞ-ın mövcudluğunu zəiflədə bilər ki, bu da əlavə geosiyasi risklər yaradar. Göründüyü kimi, vəziyyət həm gərgin, həm də qeyri-müəyyən olaraq qalmaqdadır. Regiondakı qeyri-müəyyən vəziyyət olduqca ciddi hərbi və geosiyasi risklərə yol açmaqdadır.”

Sonda E. Mirbəşiroğlu danışıqların masada deyil, güc nümayişi ilə davam edəcəyini diqqətə çatdırıb:

“ABŞ-da qarşıda elektoral dövr mövcuddur. D. Tramp administrasiyası seçkilərə heç də ciddi uğurlu siyasi yüklə getmir. Görünür, ABŞ müttəfiqləri də hələlik müşahidəçi mövqeyinə daha çox üstünlük vermək istəyirlər.

İran isə öz mövqelərində israrlı görünür. İyulun sonunda İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi açıq şəkildə bildirib ki, Tehran İslamabadda keçirilən danışıqlarda ABŞ planını rədd edib. Bu, ABŞ-ın şərtlərinin həddən artıq ağır olması ilə əsaslandırılıb. Eyni zamanda, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də bildirib ki, İran öz mövqeyini müdafiə etməyə hazırdır və təzyiq altında güzəştə getməyəcək. Bu mərhələdə ABŞ-ın növbəti zərbələri təxirə salması və İran–Oman danışıqlarının həyata keçirilməsi növbəti güc bərpasına hesablana bilər. Lakin tez-tez təkrarlanan hərbi və diplomatik taktika heç də sonsuzluğa qədər effektiv olmur.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05