Gürcüstanda davam edən SƏSSİZ MİTİNQLƏR – “Xalq etirazlarından söhbət gedə bilməz”
“Gürcüstanda keçirilən kiçikçaplı mitinqlərdə hər hansı xalq etirazından söhbət gedə bilməz”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Gürcüstanda 125 gündür davam edən etiraz aksiyalarını şərh edən politoloq bu aksiyaların kütləvi olmadığını dilə gətirib:
“Etiraz aksiyaları uzun müddətdir elan olunub, amma düşünürəm ki, Qərbdə gedən siyasi proseslər, xüsusilə ABŞ və Avropa dövlətlərinin Rusiya-Ukrayna müharibəsi ətrafında həyata keçirdiyi siyasət bir növ Gürcüstan məsələsini qıraqda saxlayıb. Bundan istifadə edən hakim “Gürcü arzusu” partiyası rəqiblərinə qarşı repressiyalarını inkişaf etdirir. Xüsusilə Mixeil Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” partiyasının ləğvi də artıq gündəmdədir. Göründüyü kimi, Bidzina İvanişvili konkret olaraq öz opponentlərinə qarşı siyasi təqibi gücləndirib, xüsusilə müxalifət də hökumətə “Gürcü arzusu”, yoxsa “Rusun arzusu” kimi etiketlərdən istifadə edir. Parlamentin legitimliyini müxalifət tanımır, qeyri-demokrat qüvvələrdən ibarət olduğunu hesab edir, amma Gürcüstan hökuməti və müxalifət arasında ziddiyyətlər dərin böhrandadır”.
M. Əsədullazadə hesab edir ki, bu etirazlara xaricdən dəstək verilmədiyi üçün hökumət daha rahatdır:
“Beynəlxalq siyasi münasibətlərdə gedən böhran da Gürcüstan hökumətinin müxalifətə qarşı təqiblərini stimullaşdırır. Qərbdən Gürcüstan hökumətinə qarşı ciddi təzyiqlər yoxdur və bu da hökumətin əlini daha da gücləndirir. Düşünürəm ki, bu aksiyaların nəticələri olmayacaq, repressiyaları hökumət gücləndirəcək. Seçkilərdən sonra müxalifət izdihamlı mitinqlər keçirdiyinin şahidi oluruq, amma bu mitinqlər də heç bir effekt vermədi. Ümumi götürsək, indiki etiraz aksiyaları siyasi partiya fəalları və qeyri-hökumət təşkilatları tərəfdarlarının həyata keçirdiyi aksiyadır. Odur ki, burada nə hər hansı inqilabi proseslərdən, nə də xalq etirazlarından söhbət gedə bilməz”.