Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.
Yenicag.az xəbər verir ki, saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.
Xatırladaq ki, bülletenlərdə qeydiyyatdan keçmiş 25 namizədin adı olub. Ancaq buna qədər iki namizəd – Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib.
Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.
Ekspertlərin qiymətləndirməsinə və sosioloji sorğuların nəticələrinə əsasən, əsas mübarizə üç namizəd – keçmiş xarici işlər naziri Salome Zurabişvili, “Güc və Birlik” müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.