Vaşinqton Tbilisi ilə bağlı siyasətini dəyişməsə, Gürcüstan ABŞ ilə mövcud münasibətlərinə yenidən baxacaq.
Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
“Biz deyirik ki, münasibətlər belə davam etməməlidir, əks halda mövcud status-kvonu yenidən nəzərdən keçirməli olacağıq”, – baş nazir deyib.
Qeyd edək ki, ABŞ və Gürcüstan arasında münasibətlər may ayında xarici agentlər haqqında qanunun parlament tərəfindən qəbul edilməsindən sonra xeyli pisləşməyə başlayıb. ABŞ Müdafiə Nazirliyi iyulun 5-də elan edib ki, bu yay planlaşdırılan “Layiqli tərəfdaş” Gürcüstan-Amerika hərbi təlimləri strateji münasibətlərə yenidən baxılması səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Pentaqon bu qərarı onunla əsaslandırıb ki, Gürcüstan hakimiyyəti Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya təzyiqləri artırmaq üçün Qərbin, xüsusən də ABŞ-ın ikinci cəbhə açmaq cəhdlərini elan edib. Amerika tərəfi bu cür bəyanatların yalan olduğunu iddia edir.
Sentyabrın 16-da Dövlət Departamenti insan haqlarının pozulmasında iştirak etdiyi iddia edilən dörd Gürcüstan vətəndaşına qarşı sanksiyaların tətbiqi barədə qərarını açıqlayıb. Sənəddən məlum olur ki, Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlar İdarəsinin rəisi Zviad Xarazişvili, onun müavini və iki “ekstremist qrupun lideri” sanksiya siyahısına daxil edilib.
Bundan əlavə, Birləşmiş Ştatlar “yüksək vəzifəli məmurlar, sahibkarlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və qanunvericilər” də daxil olmaqla “60-dan çox Gürcüstan vətəndaşına” viza məhdudiyyəti qoyub.
İsmayıl Bakuvi
www.yenicag.az