Bakıda Türkiyənin media qurumu adından istifadə olunaraq təşkil olunan “mükafatlandırma mərasimi” keçirilib.
Yenicag.az xəbər verir ki, noyabrın 2-si “Four Seasons” otelində baş tutan tədbirin Türkiyə Yerli Media Birliyinin (Türk dilində: Türkiye Yerel Basın Birliği – TYBB) həyata keçirdiyi “İki dövlət, bir millət” Uğur Mükafatı layihəsi çərçivəsində “Mirtalıblı Group”un təşkilatçılığı ilə gerçəkləşdirildiyi bəyan edilib.
“Mərasim”lə bağlı yayılan məlumatlara əsasən, tədbirdə nə az, nə çox, düz 60 nəfərə TYBB-nin “uğur mükafatı” təqdim olunub.
Amma bu rəqəm “mərasim”in mahiyyəti və mükafatlandırılan şəxslərin “uğur”u, ümumiyyətlə, onların mediaya nə qədər aidiyyatı olduğu haqda təsəvvür yaratmır. Bəhs olunan tədbirə yönəlik iddialara görə, həmin 60 nəfərdən ən azı 50-si estetik həkim, ginekoloq, dəri-zöhrəvi həkimi, stomatoloq və başqa sahədə çalışanlardır.
Yaxşı, o zaman bu şəxslərin hansı “uğur”u Türkiyənin media qurumunu onları mükafatlandırmağa qərar verəcək qədər cəlb edib? Bu sualın da konkret cavabı var. İddialara görə, tibbin fərqli sahələrində işləyən o “laureat”lar həmin mükafatı almaq üçün təşkilatçılara 400 dollar veriblər. Yaxud da, ola bilsin, təşkilatçılar sözügedən “mükafat”ı “qalib”lərə o qiymətə sırıyıblar.
Lakin “mərasim”in ən ilginc tərəfi budur ki, haqqında danışılan layihənin müəllifi olduğu deyilən Türkiyə Yerli Media Birliyinin (TYBB) rəsmi saytında sosial şəbəkə hesablarında bu barədə heç bir məlumat yoxdur. Eyni zamanda, TYBBsədrinin özünün də sosial şəbəkə hesablarında Bakıdakı tədbirlə əlaqədar bir cümləlik qeyd də yoxdur.
Təsəvvür edin, şəxsin rəhbərlik etdiyi qurum başqa bir ölkədə tədbir keçirərək 60 nəfərə “ödül” paylayır, amma onun özü nə o “mərasim”də iştirak edir, nə də bu barədə heç bir informasiya yayımlamır. Yeri gəlmişkən, TYBB sədri sosial mediada yetərincə aktivdir və davamlı paylaşımlar edir, hətta özünün məktəb illərinə aid görüntülərini də həvəslə yayımlayır.
Sizcə, hər hansı bir qurum xarici ölkədə gerçəkləşdirilən layihəsinə bu qədər laqeyd olaraq, o haqda heç bir məlumat paylaşmazmı? Axı bu həm də onun imic-nüfuz məsələsidir. Qətiyyən inandırıcı deyil. O halda ağla gələn ilk ehtimal və iddia budur ki, “mərasim”in təşkilatçılığını üzərinə götürdüyünü bildirən “Mirtalıblı Group” TYBB adından istifadə edib. Təbii, publikanı bunun belə olmadığına inandırmaq imkanı adıçəkilən qrupa məxsusdur. Əgər fakt və arqumentləri varsa…
Türkiyə Yerli Media Birliyinin (TYMB) Azərbaycan təmsilçisi Həsən Məmmədov Yenicag.az ilə əlaqə saxlayaraq, öz etirazını bildirib.
Onun sözlərinə görə, noyabrın 2-də Bakıda “Four Seasons” otelində baş tutan TYMB-nin həyata keçirdiyi “İki dövlət, bir millət” Uğur Mükafatı layihəsi çərçivəsində “Mirtalıblı Group”un təşkilatçılığı ilə gerçəkləşdirilən mərasimin heç bir “qaranlıq tərəfi” olmayıb:
“Çox təəssüf edirəm ki, Azərbaycan təmsilçisi olduğum TYMB-nin həyata keçirdiyi həmin layihə və mükafatlandırma mərasimi ilə əlaqədar belə bir material yayımlanıb.
Diqqətinizə çatdırıram ki, həmin layihə TYMB tərəfindən rəsmi qaydada hazırlanaraq icra olunub və bu prosesdə TYMB-nin rəhbəri Nezir Karayün də yaxından iştirak edib.
Yəni sözügedən layihənin guya TYMB-nin məlumatı olmadan icra edildiyinə dair iddiaların heç bir əsası yoxdur. Eyni zamanda, həmin mərasim istər Türkiyə, istərsə də Azərbaycan mediasında geniş işıqlandırılaraq hər iki ölkədə ictimailəşdirilib”.
www.yenicag.az