“…heç ümidim yoxdur”-Nərgiz Yaqublunun bacısı danışdı
“Yeni Müsavat”ın əməkdaşı mərhum jurnalist, gənc fəal Nərgiz Yaqublunun bacısı Nigar Yaqublu ilə söhbətləşib.
Yenicag.az həmin müsahibəni təqdim edir:
“Əlbəttə istəyirəm atam azadlığa çıxsın. Ancaq heç ümidim yoxdur. Həbs müddətində bircə dəfə ümidlənmişdim – yeni il əfvində. Siyahı çıxanda atamın adını axtarmışdım onda. Hamı deyir ki, Tofiq bəyi buraxacaqlar. Xeyli tanınan şəxs müraciət edib, Milli Məclisdə danışılıb. Ancaq mən gözləmirəm. İndi düşündüyüm, ağlımda olan Nərgizdi. Yalnız Nərgiz”.
Qonşu otaqda qadınlar Nərgizi oxşayır… Nigar davam edir:
“9 aydı Nərgizi görmürəm. İndi də elə bilirəm, Rusiyadadı, indi watsapp-da nəsə yazacaq, gülməli bir video çəkib göndərəcək. Ərköyün bacım… Əslində bizim 1 yaş fərqimiz var. Ancaq evdə mənə həmişə deyiblər, sən böyüksən, filan işi sən gör, filan işin dalınca sən get. Uşaqlıqdan elə öyrəşmişik. Ona görə çoxları elə bilir bizim 3-4 yaş fərqimiz var. Bir problemi olan kimi, ya ata-anamızdan bir söz “keçirmək” istəyən kimi mənə elə bir “bacı” deyirdi ki, daha onun qabağında istəyini yerinə yetirməmək mümkün olmurdu”.
Söhbət Nərgizin ailə qurmasının üzərinə gəlir:
“Bircə anam istəmirdi onun getməyini. O da ailəyə, uzaqlığa görə yox. Nərgizin yoldaşının anası ilə anam doğma xalaqızıdılar. Sadəcə, ana Nərgizin ərköyünlüyünə görə ehtiyat eləyirdi. Evdə biz onu ev-eşik qayğısı çəkməyə qoymamışıq. Anam deyirdi burda olsa, iş-gücünün bir ucundan da biz yapışarıq, uzaqda dolanarmı, görən? Ancaq çox xoşbəxt idi. Yazırdı ki, ana, mən fikirləşdiyimdən də çox xoşbəxtəm”.
Nigar deyir ki, Tofiq Yaqublu da Nərgizə elçi gələndə həbsxanadan xəbər göndərib ki, ürəyi necə istəyir, elə də eləsin:
“Atanın həbsxanada evlilik məsələsinə baxışı dəyişdi. İçəridə zaman haqqında insanın anlayışı başqa olur. Düzdü, orda vaxt çox gec gedir. Ancaq həyat haqqında düşünməyə vaxt çox olur. İnsan anlayır ki, xırdaçılıq, maddiyyat üstündə didişmələr, illərlə bütün gücünü-qüvvəni bir məsələyə kökləmək havayıdı. Həyatı könlüncə yaşamaq lazımdı, çünki ömür qısadı. Mən həbsdə olanda ata bir yazı yazmışdı, orda bu fikirlər vardı. Nərgizə elçi gəldiyini biləndə elə dedi ki, uşaqlar nəyi nə cür istəyir, özləri qərar versinlər, evlənsinlər, xoşbəxt olsunlar, mənim etirazım yoxdu. Nərgizlə yoldaşı nişan üzüklərini də almağa özləri tək getmişdilər. Ailə içərisində mərasim elədik. Ancaq atanın içəridə olması toy məsələsində bizi bir az çətin vəziyyətdə qoydu. Yeznəm də ailənin tək oğludu. Onlar mütləq toy eləmək istəyirdilər. Ailələrimiz razılığa gəldilər ki, toy Tomskda olsun. Mənim ölkədən çıxmaq yasağım olduğu üçün gedə bilmədim. Anam getdi. Tomska gedən gündən nazını çəkirdilər. Fərəhlənən yerimiz bir Nərgiz idi. Toydan sonra yoldaşı ilə neçə ölkə gəzdi, gündə nə qədər şəkillər göndərirdi. Yayda gedəcəkdim yanına. Dedim, Nərgiz, o vaxta uşaq da olar, xalası da gələr. Nə planlar qurmuşduq…”
Nigar söhbət boyu bir dəfə də Nərgiz haqqında keçmiş zamanda danışmır:
“Xəstələnməmişdən bir neçə gün qabaq dedi ki, elə yatmaq istəyirəm, heç gözüm açılmır. Biz düşündük ki, hamiləliyin son aylarıdır, belə ola bilər. Nə xəstəlik ağlımıza gəldi, nə də durumun ciddi olduğunu düşündük. Çünki ona çox qayğı göstərən bir ailənin içərisində yaşayırdı. Dedik ki, problem olsa, qızı götürüb həkimə aparacaqlar mütləq. Bizə məsələ ciddiləşəndən 4 gün sonra dedilər. Artıq xəstəxanada idi. Gündən-günə də vəziyyəti pisləşirdi. Komaya girəndə xəstəliyini dedilər. Elə onunla bir yerdə mən də komaya düşmüşəm. Nə yerdəyəm, nə göydə. Bilirdim ki, internetdə nə qədər informasiya var bu xəstəliklə bağlı. Ancaq oxumaq istəmirdim. Qorxurdum. Elə deyirdim, Nərgiz güclüdü, onsuz da çıxacaq vəziyyətdən. Yoldaşı isə oxuyurmuş. Nə qədər həkimlər gətirdi Nərgiz üçün. Haralardan hansı həkimləri, hansı dərmanları tapmadı ki? Amerikadan belə tapılmayan dərmanları tapdırdı, aldı. Deyir, xəstəliyin ciddiliyinə o da inanmırmış, Nərgiz elə sağlam, elə enerjili idi ki, kim fikirləşərdi o xəstədi? Hamiləlik dövründə neçə dəfə qan analizi verib – heç birində problem çıxmayıb. Xəstəlik çox gizli gedirmiş. Yoldaşı deyir, həkimlər hər dəfə konsiliumdan sonra hansı orqanın sıradan çıxdığını deyəndən sonra yenə o dəhşətli gözləmələr başlayırmış. İndi növbə hansı orqanındır? Yazıq nə gündədir…”
Qonşu otaqdan Maya xanımın ürəkdağlayan səsi gəlir: “Gözəl balam, gözəl gülən balam. Elə bil sakitcə yatmışdı. Hardan biləydim mən? 3 günün içində xəstələnər, gedərmi adam? Quş kimi əlimdən uçan Nərgizim. Bəlkə deyirəm, səni elə uzağa göndərməsəydim, səndən doyardım, ay bala”.
Nigar uşaqlıqlarından danışır:
“O qədər videomuz var. Kənddə, Bakıda. Bizim ailədə kimin qanı qara olsa, kefini Nərgiz açırdı… Qəşəng geyinməyi xoşlayırdı. Bahalı geyim almağa imkanımız yox idi, ancaq çalışırdı zövqlə geyinsin. Səhər işə gedəndə görəydiz onu. Nə qədər paltar dəyişər adam? Deyirdim, ay qız day bəsdi, onsuz da hamısı yaraşır sənə. Elə ona görə nə qədər gecikirdi işə. Həyat doludu, yaşamağa həvəsli idi bacım”.
Bacısı deyir, Nərgiz jurnalistliyə meylli deyilmiş, ancaq “Yeni Müsavat”da işləyə-işləyə bu peşəni sevib:
“Atanın yanına gedirdik, o da nə qədər tapşırıq verirdi, onu yazın, bunu ona göndərib, onu buna göndərin. Həmişə deyirdi, Nigar, ata deyənləri sən elə. “Yeni Müsavat”a gedəndə də bir az çəkinirdi, deyirdi ki, çətin olar, bacarmaram. Ancaq mühit xoşuna gəlmişdi. Dostlar sağ olsun, nə mən, nə də ata həbs ediləndən sonra ailəmizi tək qoymayıblar. Ona görə biz masanın üstünü həmişə qurulu saxlayırdıq. Nərgiz də işə əlində mütləq bir şey aparmalıydı – konfet, meyvə, tort, evdə nə olsa, otaq yoldaşlarıyla bölüşürdü. Səhər duranda görürdüm konfetqabı boşdu, Nərgiz, çantasını doldurub gedib işə. Orda zarafatla deyirdilər ki, Nərgiz, siz məhbus ailəsisiniz, biz sizə gətirməkdən, sən redaksiyaya konfet daşıyırsan. Əliaçıqdı. Mitinqlərdə uşaqları həbs edib maşınlara mindirən kimi gedib yaxınlıqdan dönər, ayran alıb pəncərədən onlara atırdı ki, yeyin, ac qalmayın”.
Nərgizin oğlunun da durumu gün-gündən yaxşılaşır, şükür. Nigar deyir, balaca Tomskda yaşayacaq:
“Onlar üçün də çətindi. Ancaq atası varkən biz onu istəyə bilmərik. Yəqin bura da gətirərlər, bizdə də qalarlar. Yad adamlar deyilik ki…”