HƏMAS-a “müvəqqəti yaşıl işıq”: Qəzzada patrula başladılar
Cümə günü atəşkəs qüvvəyə mindikdən sonra HƏMAS tədricən öz silahlılarını Qəzza küçələrinə geri göndərməyə başlayıb.
Yenicag.az bu barədə “Əl Cəzirə”yə istinadən xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, müharibədən viran qalmış Qəzzada asayişi təmin etmək üçün HƏMAS-a müvəqqəti olaraq yaşıl işıq yandırılıb.
“Onlar problemləri dayandırmaq istəyirlər və bunu açıq şəkildə bildiriblər. Biz də onlara müəyyən müddət üçün bu barədə razılıq verdik”, – Tramp bir jurnalistin HƏMAS-ın cinayətkar dəstələrlə mübarizə apardığı və özünü polis qüvvəsi kimi tanıtdığı barədə sualına cavab olaraq deyib.
Qeyd edək ki, atəşkəs qüvvəyə mindikdən sonra HƏMAS-ın Qəzzadakı hökumətinin media ofisinin rəhbəri İsmayıl əs-Savabta bəyan edib ki, qurum təhlükəsizlik boşluğuna imkan verməyəcək və ictimai asayişi qoruyacaq.
HƏMAS öz silahları ilə bağlı hər hansı müzakirəni rədd edib və bildirib ki, yalnız gələcəkdə qurulacaq bir Fələstin dövlətinə silahları təhvil verməyə hazır olacaqlar.