!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hər kəsə hepatit testindən keçməyi tövsiyə edirəm” – MÜSAHİBƏ

!Reklam – Yazi

1472479678_muslumnursoyAzərbaycanda qorxulu virus statusu alan xəstəliklərdən biri də hepatit viruslarıdır. Bütün dünyada olduğu kimi, bizdə də insanlar bu xəstəlikdən ciddi əziyyət çəkir. Kifayət qədər maariflənmənin olmaması hepatitlərə yoluxma hallarının çoxalacağı ilə bağlı həyəcan siqnalıdır desək, yanılmarıq.
MediStyle Hospitalın həkimi, qastroenteroloq-hepatoloq Müslüm Nursoyla söhbətimizdə bir sıra suallara aydınlıq gətirməyə çalışdıq:

– Hepatit nə dərəcədə qorxulu xəstəlikdir və müalicəsi hansı mərhələyə qədər mümkündür?

– İlk öncə vurğulamaq istəyirəm ki, hepatit kəlməsi ümumi bir anlayış olub qaraciyər hüceyrələrinin iltihabı mənasını verir. Hepatit törədəcək səbəblər arasında bir çox faktorlar var. Bütün dünyada olduğu kimi, Azərbaycanda da insanlarımız hepatit kəlməsini eşitdiyi zaman haqlı olaraq virus hepatitlərini düşünür. Çünki ən çox yayılmış forma məhz virus hepatitləridir. Hepatit virusları elmə tanındıqdan sonra getdikcə daha çox araşdırılıb və təhlükəlilik səviyyəsi elmə yaxşı məlum olan, dünya miqyasında geniş yayılmış sağlamlıq problemidir. Xəstəliyin təhlükəsi təkcə xronikləşərək ciddi qaraciyər çatışmazlığı və qaraciyər xərçənginə yol açması və ən yaxşı halda yeni bir qaraciyər tələb etməsi deyil, eyni zamanda onun səssiz gəlişi, klinik əlamətlər verməməsi və yoluxmuş insanların cəmiyyətdə bir mənbə yaratması hepatiti ciddi sağlamlıq problemlərindən birinə çevirib. Hepatit bir neçə həftə çəkə bilən yüngül bir xəstəlikdən həyat boyu davam edən ciddi xəstəliklərə yol aça bilər. Əgər vaxtında aşkar olunmazsa, qaraciyər zərəri və nəticədə qaraciyərin sıradan çıxmasına gətirib çıara bilər.
Xəstəliyin müalicəsinə gəldikdə, günümüzdə tibbin ən son uğurlarından biri məhz Hepatit C-nin bu növünün müalicə ilə tam sağalmasıdır. Müalicə 2015-ci ildə istifadəyə verilən yalnız həb şəklində olan dərman preparatları ilə aparılır. Müalicəni müxtəlif rejimlərdə aparmaq olar, buna bağlı olaraq da nəticələr müxtəlif ola bilər. Lakin düzgün tövsiyyə olunan və təyinatı düzgün yerinə yetirilən rejimlərdə bu nəticələr 100% ə bərabərdir. Önəmli olan, həkim tərəfindən seçilən rejimin düzgün olmasıdır. Bunun üçün də müalicə qaraciyər xəstəlikləri mütəxəssisi tərəfindən təyin olunmalıdır.
Hepatit B-nin müalicəsinə gəldikdə, bütün dünyada olduğu kimi, ölkəmizdə də onun orqanizmdən atılması tam mümkün olmasa da, istidadə olunan dərmanlarla virusun miqdarını sıfırlayaraq, gələcək fəsadlarının qarşısını almaq mümkündür.

– Azərbaycanda hepatitin daha çox hansı növləri yayılıb?

– Bütün dünyada olduğu kimi, Azərbaycanda da hepatitin B və C növünə yoluxmuş insanlar üstünlük təşkil edir. Əlimizdə dəqiq statistika olmasa da, klinikamıza müraciət edənlər arasında Hepatit C xəstələri daha çoxluq təşkil edir. Yəni bu, mənim təcrübəm əsasında deyə biləcəyim vəziyyətdir.

– Bu xəstəlikdən qorunmaq üçün insanlarımıza hansı tövsiyələri verə bilərsiz?

– Virus hepatitləri necə yoluxur sualı çox önəmlidir. Yoluxma bilavasitə qan təması ilə mümkündür. Bundan başqa, cinsi əlaqə və doğuş sırasında da yoluxma mümkündür ki, lakin bu zaman yoluxma ehtimalı çox aşağıdır. Diqqətinizə çatdırmaq istərdim ki, gündəlik həyatımızda qarşılaşa biləcəyimiz diş həkimi kabinetləri, qadın və kişi gözəllik salonları, tatu və pirsinq salonları, kiçik cərrahi müdaxilələr və ya böyük cərrahiyyə əməliyyatları və s. yoluxma riski yüksək olan yerlərdir.
İnsanlarımızı daha çox maraqlandıran sual isə gündəlik münasibətlər zamanı yoluxma riskinin olub-olmaması ilə bağlıdır. Bildirmək istərdim ki, gündəlik münasibətlərlə hepatitə yoluxma riski 0-a bərabərdir.
Lakin bununla belə, hər bir insanın – sosial statusundan və peşəsindən asılı olmayaraq – hepatit testindən keçməsi tövsiyə olunur. Çünki infeksiya nə qədər tez aşkarlansa, orqanizmə ziyan vurma ehtimalı o qədər az olur. Vaxtında aşkarlanan virusun müalicəsində alınan nəticələr də yüksək olur.
Xəstəlikdən qorunmaq üçün ən başlıcası, yuxarıda qeyd etdiyim yoluxma riskli yerlərdə maksimum diqqətli olmaq, gigiyenik cəhətdən təmiz, sterilizasiyaya əməl edən məkanlardan istifadə etmək lazımdır. Digər tərəfdən, müayinə olunmaq, virus aşkarlanmasa Hepatit B peyvəndi olunmaqla ömür boyu özünüzü bu bəladan sığortalamış olarsız.

– Azərbaycanda bəzən səhvən hepatit diaqnozu qoyulması ilə bağlı fikirlərə rast gəlirik, ən dəqiq diaqnozu hansı yolla almaq mümkündür?

– Mən Azərbaycanda hepatitə yanlış diaqnoz qoyulması fikri ilə razı deyiləm. Məsələyə bu formada aydınlıq gətirə bilərəm ki, dünyanın ən böyük tibb mərkəzlərində belə laborator yanlışlıqlar ola bildiyi kimi, ölkəmizdə də bu tip hallar ola bilər. Dəqiq diaqnoz qoyulması üçün qanda hepatit viruslarının olub-olmamasını müəyyənləşdirmək üçün bəzi göstəricilər var. Əgər yanlışlıq olarsa müayinələri təkrarlamaq tövsiyyə olunur. İlkin olaraq aparılan müayinələri istənilən tibb ocağında yoxlatmaq mümkündür. Əgər hər hansə şəxsdə hepatit virusu aşkarlanarsa, sonrakı addım daha böyük mərkəzə baş vurmaq, xəstəliyin müalicəsi və müşahidəsini davam etdirməkdir.

– Hepatit viruslarə daha hansı xəstəliklərə yol açır?

– Hepatit virusları yalnız qaraciyərə zərər viraraq xəstəlik törədir. Əgər xəstəlik müalicə olunmazsa və qaraciyərdə ciddi zərər olarsa, bu zaman digər orqanların da işi pozula bilər. Biz bu hallarla daha çox qaraciyərə sirrozunun geri dönməyən mərhələsində rastlaşırıq. Əlavə olaraq məsələn, Hepatit C ilə birlikdə digər orqan xəstəlikləri də ola bilər ki, biz bu hallarla çox da tez-tez qarşılaşmırıq.

– Xəstələr adətən sizə hansı mərhələdə olanda müraciət edirlər – ilkin, yoxsa ağırlaşmış mərhələdə?

– Xəstələrimiz bizə daha çox 2 halda müraciət edirlər: qaraciyər xəstəlikləri səssiz seyr etdiyi üçün ağırlaşmış halda – bu tip xəstələr adətən yaşlı nəsildən gəlir. Digər qrup xəstələr isə təsadüfi müayinələr zamanı aşkarlanıb bizə müraciət edənlərdir.
Mən son olaraq bir məsələyə toxunmaq istərdim. İnsanlarımız bəzən virus hepatitlərinin müalicəsinin olmadığını düşünərək həkimə müraciət etmirlər. Sizin vasitənizlə oxucularımızın nəzərinə çatdırmaq istəyirəm ki, vaxtında aşkarlanan hepatit viruslarının tam müalicəsi mümkündür. Və ölkəmizdə də kifayət qədər bu işlə məşğul olan peşəkar həkimlər fəaliyyət göstərir. Üzərimizə düşən tək şey əvvəla, özümüzü qorumaq, ikincisi isə vaxtında müayinələrdən keçmək və zamanında həkimə müraciət etməkdir.

Qeyd: Yazı Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə hazırlanıb.

www.yenicag.az

967
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv