Türkiyənin Ankara şəhərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) Anadolu Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türkiyə Polis Akademiyasının birgə təşkilatçılığı ilə “Hərbi jurnalistika” mövzusunda təlimlər başa çatıb və təlim iştirakçılarının Türkiyə Polis Akademiyasında təltifetmə mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb.
Avqustun 9-dan 20-dək davam edən təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumatlar verilib. Təxminən 60 faizi praktiki hissədən ibarət olan dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçirilib.Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunan təlimlərdə iştirak ediblər.