“Azərbaycanda hərbi sahədə axsamalar mövcuddur. Təəssüflə qeyd etməliyəm ki, bəzi məsələlər hələ də qanunvericilikdə öz həllini tapmayıb. Müharibənin başa çatmasından 4 il keçməsinə baxmayaraq, müharibə iştirakçılarının hüquqi statusu hələ də qanunla tənzimlənmir. Halbuki “müharibə” ifadəsinin hüquqi dövrünü müəyyən etmək vacibdir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Hərbi ekspert həqiqi hərbi xidmətkeçmədə son yaş həddinin 35-dən 30-a endirilməsi məsələsinə və hərbi sahədəki dəyişikliklərdən söz açıb.
Onun sözlərinə görə, hərbi məktəblərdə müvəffəqiyyətsizlik səbəbilə xaric edilən kursantların hərbi xidməti ilə bağlı məsələlər də hələ həllini tapmayıb:
“Mütəxəssislər tərəfindən təklif edilən qanun layihələri, adətən, açıq müzakirəyə çıxarılmadan qəbul edilir. Bu, bəzi hallarda ədalətsiz yanaşmalara səbəb olur. Hərbi xidmət müddətinə alternativ xidmətin tənzimlənməsinə dair qanunların vaxtında qəbul edilməməsi ciddi problemlər yaradır. “Təhsil haqqında” Qanun belə bir neçə dəfə müzakirə olunub, lakin bu sahədəki problemlərin tam həlli üçün kifayət etməyib”.
Polkovnikə görə, hərbi xidmətlə bağlı məsələlərin həllində çoxsaylı qurumların iştirak etməsi əlavə çətinliklər yaradır:
“Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası, Dövlət Sərhəd Xidmətinin tibbi komissiyaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi ekspertləri bir-birindən ayrı işləyir və nəticədə, bu sahədə koordinasiya çatışmazlığı yaranır. Bu isə həm dövlətin resurslarının israfına, həm də vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarır. Milli Məclisdə bu problemlərin müzakirə edilməsi vacibdir. Qanunların təkmilləşdirilməsi ilə bağlı müvafiq addımların atılması, xüsusilə hərbi xidmətin təşkili və güzəştlərlə bağlı məsələlərin dəqiq tənzimlənməsi üçün daha çox iş görülməlidir. Dövlət qurumlarının koordinasiyalı şəkildə fəaliyyət göstərməsi üçün yeni yanaşmalar tətbiq olunmalıdır”.
Rafi Müslümov
www.yenicag.az