Hərbi xidmətlə bağlı “mygov” platformasına yeni funksiyalar əlavə olundu
Vətəndaşların hərbi xidmətlə bağlı bir sıra məlumatları “mygov” platformasına əlavə olunub.
Yenicag.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) məlumat yayıb.
Qeyd edilib ki, artıq vətəndaşların ilkin hərbi qeydiyyata alınması, mütləq müayinədən sonra hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmə nəticəsində çağırışçının hərbi xidmətə yararlı hesab olunması, əlavə tibbi müayinədən sonra şəhadətləndirilmənin nəticələri “mygov” platformasındakı şəxsi kabinetinə yerləşdirilir.
Həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılmış yekun tibbi müayinənin nəticələri, yekun tibbi müayinədən sonra xəstəliklər cədvəlinin müvafiq bəndlərinə uyğun olaraq çağırış komissiyasının qərarı, həmçinin ailə vəziyyəti və təhsili davam etdirməyə görə çağırışdan möhlət hüququnun verilməsi barədə bildirişlər də burada qeyd ediləcək.
Bundan başqa, hərbi qeydiyyat, müddətli həqiqi hərbi xidmət, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət, müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə, müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair və həqiqi hərbi xidmət keçmək haqqında məlumatları “mygov” vasitəsilə tam rəqəmsal formada əldə etmək mümkündür.
Vətəndaşlar xidmət mərkəzlərinə getmədən həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə öz hərbi məlumatları ilə tanış ola, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər.