!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həyat tərzimizi ayarlayan İNFORMASİYA TEXNOLOGİYALARI: Dövlət bu sahəyə necə diqqət göstərir? – TƏHLİL

!Reklam – Yazi

Fərid Kazımov: “Yaxın perspektivdə İKT-ni iqtisadiyyatın vacib sahələrindən birinə çevirərək inkişaf etdirilməsi zəruridir”.

Emin Rəsulzadə: “Azərbaycanda İKT-nin daha da inkişaf etdirilməsi üçün ali təhsil müəssisələrində proqramlaşdırma dili dəyişilməlidir”.

Texnologiyaların fasiləsiz inkişaf etdiyi, ucqar dağ kəndlərində belə internetin əlçatan olduğu çağımızda İnformasiya-Kommunikasiya Texnologiyalarının inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlər sırasındadır. Sürətlə modernləşən Azərbaycanın bütün fəaliyyət sferalarında, sosial-iqtisadi həyatında mühüm rol oynayan İKT özünün genişlənmə inkişaf səviyyəsinə görə ciddi şəkildə fərqlənir.

Bu sahə dinamizmin artdığı müasir dünyada cəmiyyətlərin inkişafına təkan verən əsas “lokomotiv”lərdən biridir. Dünyanın bir parçası olan Azərbaycanda da internet təminatının yaxşılaşdırılması, gənclərin İKT-yə cəlb edilməsi, ölkədə bu sahənin perspektivini artırmaq üçün təsirli addımları atılır, maliyyə dəstəyi artırılır, xarici investorların ölkəmizə marağının artırılması yönündə ardıcıl işlər həyata keçirilir. Çağdaş dünyada İKT-nin əhatə dairəsini insanların həyat tərzi təşkil edir və bu elementlər bir-birini üzvi surətdə tamamlayır. O baxımdan, Azərbaycanda bu sahənin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilməsinə xüsusi diqqət yetirilir.

Qeyd edək ki, Azərbaycanda İKT-nin inkişaf dinamikasını daha da artıran amillərdən biri “Elektron Hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması və zamanla təkmilləşdirilməsidir. Bu, müasir informasiya texnologiyalarından istifadə etməklə, dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara elektron xidmətlərin göstərilməsinə şərait yaradır. Bu xidmət əhalinin müxtəlif dövlət qurumlarına şəxsən müraciət etmək məcburiyyətini aradan qaldırıb və vətəndaş məmnuniyyətini xeyli artırıb.

Bundan başqa, İKT həm də dövlətin milli təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynamaqdadır. Azərbaycana yumşaq desək, dost olmayan dövlətlərin ölkəmizə qarşı kibertəxribatlarının qarşısını almaq üçün informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Vurğulanan məqam İKT sahəsinin əhəmiyyəti barəsində aydın təsəvvür yaradır.

Mövzu barəsində Yenicag.az-a danışan İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, Azərbaycanda son illər bu sahədə tamamilə fərqli formatda inkişaf modeli qurulub:

“Bu inkişafın başında gələn əsas amil kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsidir. Azərbaycanda yaxın gələcək üçün həyata keçirilməsi nəzərdə tutulan məqsəd bütün kənd və qəsəbələrdə genişzolaqlı internet şəbəkəsinin qurulmasıdır. Aidiyyəti dövlət qurumları bu barədə müvafiq açıqlamalarla çıxış ediblər. Yaxın gələcək üçün qarşıya qoyulan digər məqsəd İKT-nin iqtisadi sahə kimi inkişaf etdirilməsidir. Ölkə iqtisadiyyatının inkişafındakı rolu nəzərə alınaraq, bu sahəyə bir sıra güzəştlər tətbiq olunub.

Bununla belə, qyed olunan inkişafın dinamikliyinin təmin edilməsi üçün İKT-yə aid məhsulların istehsalına başlamaq lazımdır. Bizim kimi MDB ölkəsi olan Belarus artıq 2022-ci ildən etibarən, İKT məshullarının istehsalına başlayıb. Azərbaycan da bu sahədə artıq müəyyən hədəflər müəyyənləşdirərək lazımi addımlar atır. Bizdə hələ ki böyük həcmdə olmasa da, müəyyən İKT məhsulları istehsal edilir.

Lakin ölkəmizin imkanları yetərincə genişdir. Yaxın perspektivdə İKT-ni iqtisadiyyatın vacib sahələrindən birinə çevirərək inkişaf etdirilməsi zəruridir. Kadr potensialının gücləndirilməsi də Azərbaycanda İKT-nin inkişafında əsas rol oynayan amillər sırasındadır. Son illər ölkəmizdə gənclərin İKT-yə cəlb olunması üçün səlahiyyətli qurumlar tərəfindən çox ciddi addımlar atılıb. Gənclərimizin bu sahədə fəaliyyətlərini gücləndimələri və karyera qurmaları üçün münbit zəmin formalaşdırılıb”.

Aktual mövzunu Yenicag.az-a dəyərləndirən İKT üzrə mütəxəssis Emin Rəsulzadə qeyd edib ki, yaxın keçmişlə müqayisədə, ölkədə bu sahədə çox böyük inkişaf var:

“Dövlətimizin bu sahədə qarşıya qoyduğu məqsədlər uğurla yerinə yetirilir. Gənclər arasında İKT-yə marağın artmasının başlıca səbəblərindən biri məhz dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdır. Verilən qərarlarla İKT sahəsində tətbiq olunan güzəştlər xarici investorları da ölkəmizə cəlb edir. Yalnız informasiya texnologiyaları və kommunikasiyaları sahəsində deyil, bütün iqtisadi əhəmiyyət kəsb edən sferalarda ölkəyə xarici investorların cəlb olunması vacib faktorlardan biridir.

Azərbaycanda İKT-nin daha da inkişaf etdirilməsi üçün ali təhsil müəssisələrində proqramlaşdırma dili dəyişilməlidir. Çünki hazırda universitetlərdə keçirilən proqramlaşdırma dilinin köhnə olduğunu düşünürəm. Daha təkmilləşdirilmiş və yeni texnologiyalara uyğun dəyişikliklər sayəsində Azərbaycanda İKT-nin inkişaf tempi əhəmiyyətli dərəcədə artacaq”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

COP29

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv