Heydər Əsədov 9 satış məntəqəsini bağladı
Kənd Təsərrüfatı Nazirliyi 9 satış məntəqəsini bağladı.
Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, bu aydan yoxlamalara başlanılıb. Yoxlama nəticəsində 9 satış məntəqəsinin lisenziyasız fəaliyyəti göstərdiyi məlum olub.
Həmin satış məntəqələrində qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş müxtəlif adda (Lardeta, Ortiva Top, Rubit, Endosul Fan, Ola Of 85 və.s ) 25,5 kiloqram pestisid dövriyyədən çıxarılıb.
Bundan əlavə, yoxlama zamanı ticarət obyektlərində süni qiymət artımı müşahidə edilib. Belə ki, Salyan rayonu ərazisində lisenziyasız fəaliyyət göstərən Abdullayev İlqar Ağahəsən oğluna məxsus pərakəndə satış obyektində respublika ərazisində ammonium-nitrat gübrəsinin dəyəri 6.50 manat olduğu halda 9 manata satıldığı aşkarlanıb.
Buna görə də satış məntəqəsinin fəaliyyəti dayandırılıb. Həmin satış məntəqəsində 26 ton ammonium-nitrat olub.
Qeyd edək ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 2002-ci il, 2 sentyabr tarixli, 782 saylı fərmanında dəyişikliklər edilməsi barədə” 11 iyul, 2014-cü il tarixli, 228 saylı fərmanına və Nazirlər Kabinetinin 2002-ci il, 7 noyabr tarixli, 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər ” də dəyişiklik edilməsi haqqında” 1 oktyabr 2014-cü il tarixli 319 nömrəli qərarına əsasən nazirlik yoxlamalara başlayıb.