Heyvanlara işgəncə verənlərə məcburi psixoloji müayinə tələbi: Deputatdan yeni QANUN TƏKLİFİ
Rusiya Dövlət Dumasının deputatı Georgi Arapov heyvanlara qarşı zorakılıq törədən şəxslərin məcburi məhkəmə-psixiatriya müayinəsinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Arapovun təklif etdiyi qanun layihəsi artıq Dövlət Dumasının elektron bazasında yerləşdirilib.
Sənəddə Daxili İşlər Nazirliyinin statistikası da yer alıb. Məlumata görə, 2024-cü ildə ölkədə heyvanlara qarşı 656 zorakılıq faktı qeydə alınıb. Lakin bu cür hallarda cəzalar əsasən pul cəriməsi və ya icbari əmək ilə məhdudlaşır. Psixoloji müayinə isə çox nadir hallarda tətbiq olunur.
Məlumata görə, hazırda məhkəmələr yalnız aşkar psixi pozuntu halları olduqda bu cür şəxslərin psixoloji müayinəsinə qərar verir.
Deputat Georgi Arapov hesab edir ki, heyvanlara qarşı zorakılıq, xüsusilə gənclər arasında baş verən hallarda, gələcəkdə insanlara qarşı potensial təhlükənin göstəricisi ola bilər:
“Bu cür davranışlar insanlara qarşı şiddətin ilkin siqnalı ola bilər. Psixoloji müayinə və nəzarət mütləq şəkildə tətbiq olunmalıdır”.
Qeyd edək ki, qanun layihəsi yaxın müddətdə parlamentdə müzakirəyə çıxarılacaq.
Məsimə Məmmədova