Himalayda “qar quraqlığı” xaosu: 2 milyard insan susuz qala bilər
Himalay dağlarında qış yağıntıları kəskin azalıb. Normalda ağ örpəyə bürünən əzəmətli zirvələr indi çılpaq və qayalıq mənzərəsi ilə vahimə yaradır.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bölgədə son 5 ildə qar miqdarı 40 illik orta göstəricidən təxminən 25% aşağı düşüb. Ekspertlər yaranmış vəziyyəti bəşəriyyət üçün böyük təhlükə hesab edirlər.
Mütəxəssislər bölgədəki mövcud vəziyyəti “qar quraqlığı” adlandırırlar. Rəsmi proqnozlara görə, Hindistanın şimal-qərbində yağıntıların normadan 86% az olması gözlənilir. Nepalda isə son aylarda demək olar ki, yağış qeydə alınmayıb. ICIMOD-un məlumatına görə, 2024–2025 qış mövsümündə qarın yerdə qalma müddəti son 23 ilin minimumuna enib.
Meteoroloqların fikrincə, əsas səbəb “qərb pozuntuları” adlanan rütubət gətirən hava sistemlərinin zəifləməsi və şimala doğru sürüşməsidir. Bu yerdəyişmə bölgəyə düşən yağıntının kökünü kəsir.
Ekspertlər xəbərdarlıq edir ki, Himalay bölgəsi indi həm buzlaqların sürətlə əriməsi, həm də yeni qarın yağmaması ilə üz-üzədir. Buzlaqların itirilməsi uzunmüddətli su qıtlığı yaratsa da, qar yağışının azalması yaxın gələcəkdə su təchizatını tamamilə sıradan çıxara bilər.
Sona Əliyeva












