!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hizbullah”a xəbərdarlıq edildi: “Münaqişədə texnoloji avadanlıq dəyişib”

!Reklam – Yazi

“Əslində, Yaxın Şərqdəki müharibənin arealı genişlənmir. Yəni, Livan, Fələstin, Yəmən və Suriya əraziləri əvvəl necə İsrailin təzyiqləri altında idisə, indi də bu proses davam edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.

Analitik İsrail kəşfiyyatının ötən gün Livandakı “Hizbullah” üzvlərinə qarşı həyata keçirdiyi peycer əməliyyatından söz açıb.

“Sadəcə olaraq, müharibənin taktikası və istifadə olunan texnoloji avadanlıqları dəyişib. Məsələn, müasir müharibə çoxsaylı insan resursu ilə aparılan müharibə deyil. Yəni, “kimin əsgəri çoxdursa, o müharibəni uda bilər” fəlsəfəsi artıq müasir müharibə və silahlı münaqişələrdə öz təsdiqini tapmır. Bunu Azərbaycan torpaqlarını işğaldan təmizləyəndə də sübut etdi”, – deyə o əlavə edib.

“İran SEPAH-ın paradını keçirməklə öz gücünü göstərir. Lakin baş verən son hadisələr bunun yanlış olduğunu isbatladı. Yəhudi dövləti isbatlayır ki, onun texnikası İran, Livan və onları müdafiə edənlərdən daha üstün və güclüdür. Çünki istənilən münaqişə və müharibə təkcə qarşıdurma hadisəsi deyil. Bu, həm də silah, hərbi texnika və avadanlığın “nümayişi və sərgisi”dir. İsrail bu hadisəni törətməklə İrana, Livandakı “Hizbullah”a və onların havadarlarına öz gücünü, texnologiyasını nümayiş etdirdi”, – S. Soltan söyləyib.

Onun sözlərinə görə, HƏMAS Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyəni Tehranda yatdığı yerdə vurmaqla İsrail İranın içərisində ən əziz saydığı qonağını öldürürsə, bu, artıq İsrail kəşfiyyatının gücündən xəbər verir:

“Həmin peycerlər vasitəsilə törədilən hadisələr İsraildə müharibə avadanlığı texnologiyasının gücünü göstərir. Bu İsrailin əvvəlcədən elan etdiyi taktikanın məntiqi davamıdır. Rəsmi Təl-Əviv bundan əvvəl elan etmişdi ki, HƏMAS-ın bütün liderlərini məhv edəcək. HƏMAS və onunla yanaşı olan silahlı radikal qüvvələr Fələstin ərazisi, o cümlədən Qəzza zolağından çıxmayana qədər İsrail ordusu həmin ərazilərdə əməliyyatlar aparacaq”.

Analitikə görə, həmçinin Livandakı “Hizbullah” qruplaşmasına xəbərdarlıq edilib ki, əgər İsrail ərazisi raket atəşinə tutularsa və bu istiqamətdə İsrailin təhlükəsizliyi pozularsa, onlara qarşı da uyğun tədbirlər görüləcək:

“Ötən gün İsrailin müdafiə naziri Yoav Qallant bəyan etdi ki, “Hizbullah”a qarşı hərbdən başqa yol yoxdur. Hərbi yollardan biri də peycer əməliyyatı idi ki, bunu da həyata keçirdilər. Yəni həmin hadisəni əvvəllər intiharçı dəstələr həyata keçirirdisə, indi peycerlər bunu edir. Bu isə münaqişənin mahiyyətini yox, onun mübarizə üsulunu, avadanlığını, texnologiyasını dəyişir. İntiharçı qurşağı əvəzinə artıq peycer çıxıb. Bu da həmin ölkənin texnoloji üstünlüyünü əldə etməsinin qabiliyyətindən xəbər verir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

122
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv