“Qəbul edilmiş bu qərar avtomobil bazarında müəyyən bahalaşmaya gətirib çıxara bilər”
Bu fikirləri utilizasiyaya verilmiş nəqliyyat vasitələri haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
Onun sözlərinə görə, ölkənin avtomobil parkının yarısından çoxunu köhnə avtomobillər təşkil edir:
“Utilizasiya ilə əlaqədar qərar vətəndaşlar arasında birmənalı qarşılanmayıb. Bununla bağlı əsas məsələ hesablanma qaydaları və əlavə ediləcək məbləğlərlə bağlıdır. Ümumiyyətlə, utilizasiya köhnə avtomobillərin, yararsız nəqliyyat vasitələrinin əridilməsi, yenilənməsi deməkdir.
Ölkənin avtomobil parkının yarısından çoxunu köhnə avtomobillər təşkil edir. Hesablasaq, bu işin realizəsi böyük məbləğə başa gəlir. O baxımdan, gələcəkdə utilizasiya ediləcək avtomobillər üçün vətəndaşlara ödəniləcək vəsaitlərin hökumətə əlavə yük olacağı nəzərə alınmalıdır.
Qeyd edək ki, bu proqramdan xarici ölkələrdə də istifadə olunub. Əgər vətəndaş avtomobilini utilizasiya etmək istəmirsə, ona yeni maşın ala bilməsi üçün pul ödəniləcək, yaxud da sadəcə, müavinət veriləcək”.
Ekspert bu qərarın avtomobil bazarında müəyyən bahalaşmaya səbəb ola biləcəyini də vurğulayıb:
“Digər tərəfdən, əlbəttə, bu addım avtomobil bazarında müəyyən bahalaşmaya da gətirib çıxara bilər. Belə hallardan sui-istifadə edilərək yaxın günlərdə maşın bazarlarında qiymət artımının şahidi ola bilərik. Bunun qarşısını almaq demək olar ki, mümkünsüz görünür. Fikrimcə, məsələ ilə bağlı fikir bildirmək üçün bir qədər vaxt keçməlidir”.
İsmayıl Bakuvi
www.yenicag.az