“Hüquq-mühafizə orqanları əsl cinayətkarlarla əlbirdir”
Cəlilabad rayon Qarazəncir kənd sakini Bayramov Məhərrəm və onun gəlini İradə Əvəz qızı Qəmbərova bu günlərdə redaksiyamızda oldular.
Onların müraciət etməsinə səbəb Məhərrəm kişinin nəvəsi Azər Bayramovun həbs olunması və istintaqın düzgün aparılmamasıdır. Məhərrəm kişinin fikrincə nəvəsinə qarşı haqsızlıq olub. Ağsaqqal deyir ki, onun nəvəsini şərləməklə əsl cinayətkarlar məsuliyyətdən yaxa qurtarmaq istəyir.
Bu işdə hüquq-mühafizə orqanları əsl cinayətkarlarla əlbirdir:
– Əslində onlar sifarişlə bu işi görürlər. Məmur balalarının cinyətinə göz yummaq insani dəyərləri tapdamaq, qanuna dirsək göstərməldir- deyir şikayətçi.
Xeyli sənədlə gəlib. Hamısını bir-bir göstərir:
– Nəvəmin günahları nədir, cəzasını çəksin, buna razıyam. Mən də, ailəm də bu dövlətə xidmət etmişik. Qanunun qarşısında hamımız haqqımız nədir ki nə isə danışaq. Daha olmayan cinayətə qinuni don geyindirmək əslində kişi libasını soyunub qadın donu geyinmək kimi bir şeydir. Mən bunu bu işdə kimin əli var onlara şamil edirəm. Özünü təmiz bilənlər özlərinə götürməsin. Amma bir neçə nəfər dələduzuncəzasız qalıb, kimsəsiz, yetimçiliklə böyümüş bir gənci şərləməsi hansı qanuna sığır? Baxmayaraq ki, buna qanunu don geyindirməyə nail olublar. Demək sifarişçilərlə bərabər bunu icra edənlər də qanun qarşısında cavab verməlidir. Əgər Qanuna hörmət edirlərsə…
Azərin Bayramovun anası İradə xanım digər sənədləri təqdim edir:
– Burada hər şey aydın görünür. Ölkədə yəni bu qədər hərc-mərclikdir? Bu, lap xarici filmlərdəki kimidir. Sifarişlə adam tutdurmaq, küllü miqdarda vəsait tələb etmək…Hədə-qorxu, arxalı köpəyin qurd basması məsəli belələrinə görə yaranıb.
Məhkəməyə təzyiq göstərirlər…
Qocaman pedaqoqu narahat edən məsələ təkcə nəvəsinin sifarişli həbs olunması deyil. Bu işdə həm də kifayət qədər nüfuz və səlahiyyət sahiblərinin adlarının hallanmasıdır:
– Bu işdə maraqlı olan tərəf əslində nəvəmin adına çıxarılan pulları özləri mənimsəyib. İndi isə istintaqa və məhkəməyə təzyiq göstərirlər. belə olmaz axı. Nəvəm haqqında həmişə müsbət xarakteristikalar verilib. Anası 30 ildir müəllimdir, mən 60 ilə yaxındır müəllim, təsərrüfat rəhbəri olmuşam. Bu uşaq bu boyda cinayətin altına girə bilməz. Elə Sabunçu məhkəməsində də demişdilər ki, bu bir sifarişdir.
Məhərrəm müəllim deyir ki, artıq 8 aya yaxındır nəvəsi – Bakı şəhər sakini, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1, mənzil 94-də daimi qeydiyyatda olan və yaşayan Bayramov Azər Rahib oğlu həbs olunub. Hazırda ona sürülən ittiham aktı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə işi yekunlaşmaq üzrədir.
Azər Bayramov Azərbaycan Respublikası CM-nin 179.3.2 maddəsi ilə təqsirli bilinib. Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi, 2-ci dərəcəli hüquqşünası Kamran Məmmədov tərəfindən 140206036 saylı İttiham aktı 20 oktyabr 2014-cü il saat 09.30-da yekunlaşaraq tərtib edilib, və məhkəməyə göndərilib. İttiham aktı ilə tanış oluram. Bu, akta görə yuxarıda adı çəkilən təqsirləndirilən şəxs küllü miqdarda vəsait mənimsəyib.
Ərizələr isə bumeranq kimi fırlanıb…
Təqsirləndirilən şəxsin yaxınları, anası İradə Əvəz qızı Qəmbərova və babası Məhərrəm Bayramov istintaqın aparılmasından və məhkəmənin gedişindən razı deyil. Onlar istintaqın bir tərəfli aparılmasını və bu həbsin sifarişli olmasını deyir və bu haqda Prezident İlham Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Respublika prokuroru Zakir Qaralova və digər səlahiyyət sahiblərinə də müraciət edib, şikayət ərizələri yazıblar:
– Bütün ərizələr isə bumeranq kimi fırlanıb özümüzə və şikayət etdiyimiz adamların üstlərinə göndərilib; sizdən şikayət var, baxın görün düzdür? Məntiqə bax e…
Hakim Azər Məcidova gələn qəfil zəng…
Deyir ağsaqqal pedaqoq və əlavə edir:
– Dekabr ayının 3-də saat 3-təyin olunan məhkəmədə hakim Azər Məcidova qəfil zəng gəldi. Təcili danışmalıyam deyib, çıxdı. Təxminən 5-10 dəqiqədən sonra hakim başqa əhval-ruhiyədə daxil oldu. Bayaqdan ədalətli hakimliyini müşahidə etdim. Bu dəfə hakim prokurordan təsirləndirilən şəxsə – nəvəmə iş oxumaq üçün ona nə qədər vaxt lazım olduğunu soruşdu. Mənə hər şey aydın oldu. Zəng deyəsən işin yekunlaşmasını tələb edirdi – bunu da Məhərrəm kişi deyir.
“Dedilər ki, bu yuxarının sifarişidir”
Azər Bayramovun anası İradə xanım oğlumu 2014-cü ilin aprel ayının 16 da qeyri-qanuni olaraq evdən çağırılaraq Sabunçu rayon Polis idarəsinin 13-cü bölməsinəaparıldığını deyir:
– Bölmənin Şövqü adlı müstəntiqi polis idarəsinin əməliyyatçıları ilə aprel ayının 16 da evə gəldi. Heç bir sənəd təqdim etmədən guya ki, qeydiyyatla bağlı oğlumubölməyə apardılar. Sabahı gün maraqlandıq. Bölmədə onun saxlanması haqda heç bir sənəd olmadı. Sadəcə dedilər ki, bu yuxarının sifarişidir. Yuxarının, konkret olaraq adını deməsələr də öyrənə bildik ki bu Lətif Bağırov və Aliyə Nuriyevanın sifarişidir.
Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu
Aliyə xanım oğlumun satış üzrə menecer işlədiyi “Otak Turizim Otelçilik İnşaat Limited” şirkətinin Azərbaycan nümayəndəliyinə məxsus olan “Central Park Hotel”in baş meneceri, Lətif isə həmin otelin qeyri-qanuni sahibidir. Lətif Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu, Aliyə xanım isə nazirin bacısı qızıdır- İradə xanım deyir.
Sonra ilk gündən baş vermiş qanunsuzluqdan bəhs olunur. Təqdim olunan sənədlərdən məlum olur ki, Sabunçu rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlunun 18 aprel tarixli (008)-(008)-431/2014 saylı inzibati xəta haqqında iş üzrə qərarında isə qeyd olunur ki, 17. 04.. 2014-cü il tarixdə guya ki küçədə söyüş söyərkən polislər onu nizam-intizama dəvət edib, o isə polisləri təhqir edib, qanuni tələblərə tabe olmayıb.
O, bölmədə olarkən necə evinin qarşısında zühur edə bilərdi?
Məhərrəm Bayramov:
– Maraqlıdır, Azər həmin gün 13-cü bölmədə olduğu halda necə yaşadığı evin qarşısında zühur edə bilərdi?
Sabunçu məhkəməsində verilən hökmlə Azər 15 gün müddətinə azadlıqdan məhrum edilir.
Bütün hadisələr də bundan sonra cərəyan edir. Məhərrəm müəllim deyir ki nəvəmin sifarişli həbs olunmasında Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətifin və nazirin bacısı qızı Aliyə Nuriyevanın maraqları daxilindədir.
Deyir və dediklərini əsaslandırır:
– Oteldə otaqların satılması müqabilində müəsisələrdən gələn nağd pul vəsaitinin yığılması və kassaya mədaxil olması da Azərə həvalə olunubmuş. Lakin Azər otelin baş meneceri Aliyə xanının bir başa göstərişi ilə həmin vəsaitləri ona veririmiş. Verilən pullar haqda da göy rəngli qara mühasibat kitabında qeydlər aparırmış. Bu pullar Aliyə xanım tərəfindən mənimsənilib.
İstintaq materialları ilə də tanışlıqdan bəzi qaranlıq məqamlar üzə çıxsa da nədənsə müstəntiqin nəzərindən yayınan məqamlar jurnalist olaraq mənim nəzərimizdən yayınmadı. Azərin və onun yaxınlarının istintaq verdiyi ifadələr və təqdim olunan sənədlər nəzərə alınmayıb.
15 günə 380.000 manat verməsəniz, 500.000 alacağıq
Məhərrəm Bayramov:
– Məhkəmə bizə dedi ki bu sifarişdir. Mən heç nə edə bilmərəm. Nəvəm 15 gün həbsdə saxlandığı müddətdə bizə müxtəlif təzyiqlər oldu, hədə qorxu gəldilər. Müxtəlif rəqəmlər tələb etdilər. Əvvəlcə 23.000, sonra 47.000, 60.000, 115.000 və daha sonra 380.00 tələb etdilər. dedilər ki bu 15 günə qədər ödənilməsə sizdən 500.000 alacağıq. Burada bir qabaqcadan düşünülmüş cinayətin izi görünür. Nəvəmi əmək müqaviləsiz, sığortasız işə götürüblər. Məmur balaları mənimsədikləri pulları kasıb, yetim nəvəmin üstünə yıxırlar. Nüseynqulu Bağırovun oğlu Lətif, bacısı qızı Aliyə, müstəntiq Şövqü, hüquqşünas Azər, tapşırılmış polislər tərəfindən mənəvi və maddi terrorla üzləşmişik. Bizə Bakıxanov qəsəbəsində olan evimizi satdırıblar. Indi isə daha çox pul tələb edirlər.
“Bağırovların represiyası davam edir…”
– Nəvəm yaxşı işçi olub. Ona əvvəlcə 500 manat maaş veriblər. sonra isə otelə müştərilər dəvət etdiyinə görə qeyri-rəsmi maaşı 5000 manata qədər qaldırılıb. Konvertdə verilirmiş. Nazirin oğlu deyir ki, kimə şikayət edirsiz edin, bizim əlimiz uzundur. İstəyirsiz lap BMT-yə yazın, nə edəcəksiz? Deyəsən Bağırovların repressiyası yenə də davam edir. Cənab İlham Əliyevə müraciət etmişəm, ümidim sizsiniz, demişəm. Bağırovların repressiyasına son qoyulacaq, yəqin ki. Axı bu dövlətin qurucusu Heydər Əliyevin oğlu İlham Əliyevdir prezidentimiz. O, mənim üçün BMT-dən də irəlidir. İnanıram ki, xəbər tutacaq bundan. Axı dəfələrlə deyib və dediklərini də edib. Qudurğan məmur balalarını onların valideyinlərini yerində otuzdurub. Mən bilirəm bu döyüş qeyri-bərabər döyüşdü. Hüseynqulu Bağırov Mir Cəfər Bağırovun nəslindəndir. Onlar insanları gözü yaşlı qoymaqda peşəkardırlar. Baxın Baba Bağırov, nəvə Hüseynqulu Bağırov və nəticə Lətif Bağırov. Babadan nəvəyə, nəticəyə qədər gəlib çatır bunlar. Mən hələ çox şeyləri demirəm. Amma deyəcəm.
Azər Bayramovun anası İradə xanım:
– Babası demir, amma mən bəzi məqamlara toxunacam. Baxın bu şəkildəki qıza. Qolundakı, barmağındakı, boynundakı qızıl-zinət əşyalarına, əlindəki telefona. Hamısını oğlum alıb. Və çəkib də. Çünki biz Aliyəyə gəlin gözü ilə baxırdıq. Oğlumla isti, səmimi münasibətləri olub. Oğlum bunlardan əlavə ona bahalı hədiyyələr alıb. Geyim-keçim və sairə…. Sonra o, oğluma deyib ki, bizim ailə qurmağımıza mane olan var. Lətifin onu qısqandığını deyib. Ola bilər, bibisi qızıdır, istəməyib kasıb, yetim adama ərə getsin, amma başqa məqamlarda var ki lazım gəlsə deyəcəm. Onsuzda mən biləndən sonraki belə şey var onu gəlin edə bilməzdim. Nə isə bu məsələ şəxsi məsələdir və qatmaq istəmirəm. Amma bu qədər pulu dayı oğlu, bibi qızı basıb yeyir, oğlumu şərləyirlər. Belə çıxır ki, 1 ilin bütün qazancını Azər yeyib, bəs bu otel nə ilə dolanıb, nə ilə işçilərinə maaş verirdi?
Sonra Azərin vaxtı ilə çəkdiyi fotoşəkilləri, qara mühasibatını bir-neçə vərəqinin fotosini təqdim etdi:
– Hanı bu dəftər? niyə istintaq bununla maraqlanmır? Axı burda aydın göstərilir ki pullar Aliyəyə verilib. Ardınca düşmürlər. Deyirlər ki Aliyə oranın işçisi olmayıb, təcrübəyə gəlirmiş, bəs onda bu rəsmi sənədlər nədir ki ona müraciət olunub yerlərin bronlaşdırılması xahişi edilib?- deyir və “ENC TOURS” şirkətinin direktoru Emil Nəsibovun 10.01. 2014-cü ildə ona ünvanlandığı məktubu göstərir.
Məhkəmənin hakimi Azər Məcidov da Azər Bayramovun vəkili Cabir Mehrəliyevin vəsadətini təmin etmir. Hansı ki, bu vəsadət də istintaq işində adı hallanan bəzi adamların adı hallanırdı ki şahid qismində çıxış etmələri məhkəmənin gedişində xeyirli ola bilərdi.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq(arqument.az).