!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İdman şərəfimizi "qoruyan" qaradərili əcnəbilər - Milyonlar kimə xərclənir?

!Reklam – Yazi

Son zamanlar Azərbaycanda qaradərili idmançıların sayı artır. Əvvəllər Dağıstan, İran və Gürcüstan kimi ölkələrdən “milliləşmə”lər olurdu. İndi isə idmançıları Afrika ölkələrindən və Kubadan gətirirlər.

Bu mənzərə də Kemal Sunalın baş rolunu oynadığı “Ortadirek Şaban” filmini xatırladır. Filmdə Şaban sevdiyi qıza görə özünü bütün idman növlərində sınamağa çalışır. Sonda isə basketbolçu olmaq üçün klubların birinə baş vurur. Ancaq onu komandaya qəbul etmirlər, “səndən basketbolçu olmaz , qaradərili bir idmançı gələcək onu gözləyirik” deyib qapıdan qovurlar. Plan quran Şaban üzünü boya ilə qaraldaraq həmin qaradərili basketbolçunun yerinə zala daxil olur. Onu zaldan qovan məşqçilər bu dəfə tərif yağdırır, hərəkətlərinin peşəkarcasına olduğunu deyirlər.
Yeniçağ.az Azərbaycan milli komandalarında çıxış edən qaradərili idmançılarla bağlı araşdırma aparıb. Məlum olub ki, onların maaşı və təqaüdü yerli idmançılardan 5 dəfə artıqdır.

Boks üzrə yığmamızın üzvü Lorenso Sotomayor sadəcə, Avropa Oyunları və London Olimpiadasında qızıl medal qazanması üçün “milliləşdirilmişdi”. Mətbuatda yayılan məlumatlara görə, kubalı idmançıya 2 il ərzində millimizdə çıxış etməsi üçün 2 milyon dollara (dövlət tərəfindən ayrılan mükafatla birgə) yaxın pul vəd edilmişdi. Ancaq o, London Olimpiadasında ümidləri doğrultmadığı, qızıl yox gümüş medal qazandığı üçün mükafat yarıyadək azaldıldı.
Xəbər vermişdik ki, Sotomayor karyerasını başa vurmaq qərarına gəlsə də onu müəyyən şərtlərlə yenidən qaytardılar. Şərtlərə əsasən Olimpiadanın gümüş medalçısı sonuncu dəfə İslam Həmrəylik Oyunlarında millimizin şərəfini qoruyacaq.

Yüngül Atletika üzrə millimizin tanınmış və əsas simalarından biri də Hayle İbrahimovdur. Efiopiya əsilli “azərbaycanlı” atlet idmançının əsil adı Haile Desta Hagosdur. O, “milliləşmə”dən sonra İbrahimov soyadını alır. H.İbrahimov 2010-cu ildən Azərbaycan bayrağı altında yarışlara qatılır. “Milliləşmiş” efiopiyalı ölkəmiz adına İslam Həmrəylik Oyunlarının (2013-cü il) və 2 dəfə Universiadanın qızıl medalını qazanıb. İkiqat Avropa çempionatı mükafatçısıdır. O məşqlərini öz ölkəsində keçirir. Azərbaycana isə sənədlərini qaydaya salmaq üçün yarışdan-yarışa gəlir. İddiaya görə Azərbaycanda qalmaq üçün Hagos hər il müqaviləni yeniləyir. Müqaviləyə görə isə 350-400 min manata yaxın pul alır.

Azərbaycana son zamanlar gələn növbəti qaradərili idmançı Evans Kiplaqatdır. O, yüngül atletika üzrə milli komandamızın üzvüdür. Keniyalı idmançı ölkəmizi yarım-marafon yarışlarında təmsil edir. Deyilənlərə görə, E.Kiplaqat 200 min manat qarşılığında “milliləşməyə” razılıq verib. Qəribədir ki, o, London Olimpiadasına 2 aydan az vaxt qalmış “milliləşdirilərək” heyətə salınmışdı. Böyük ümidlərlə gətirilən E.Kiplaqat Olimpiadada 28-ci yeri tutmaqla kifayətlənməli oldu. Federasiyadan verilən məlumata görə, indi o, İslam Həmrəylik Oyunlarına hazırlaşır.
Futzal üzrə milli komandamızın üzvü Fineo De Araujo da “milliləşmiş” qaradərililərdəndir. Braziliyalı oyunçu həm “Araz-Naxçıvan MFK” futzal klubunun, həm də yığma komandanın üzvüdür. O, 2015-ci ildən milli komandamızın şərəfini qoruyur.

Daha bir qaradərili idmançımız Eddi İsrafilovdur. 2013-cü ildə Eddi Qətər millisi ilə yoldaşlıq oyunu üçün Azərbaycanın futbol üzrə milli komandasının heyətinə çağırılıb. Lakin, o, klub öhdəliklərini əsas gətirərək təklifdən imtina etmişdi. Onun “milliləşmə”si isə 2015-ci ilin yanvarında baş tutub. Əsl adı Eddi Silvestr Paskual olan futbolçu “milliləşmə”dən sonra azərbaycanlı olan anası İradə İsrafilovanın soyadını götürməli olub. Eddinin ailəsi İspaniyada yaşasa da atası afrikalıdır.

Onun yığmanın heyətinə dəvət almasıyla bağlı bir neçə iddia ortaya atılmışdı. Bəzi məlumatlarda bildirilirdi ki, milliyə gəlməsi üçün o, AFFA-dan 500 min manat tələb edib. Digər mənbələr isə bu tələbin qarşılıqsız qaldığını iddia edir. Millidə oynamaq Eddi İsrafilovun özünə sərf etdiyi üçün bu anlaşmaya imza atıb. Çünki onun millidə oynamaq perspektivi yox idi.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

1074
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv