II və III qrupların nəzərinə! Mayın 17-i imtahandır

media-hightechnic-468x90

tqdk_esasTQDK mayın 17-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçirəcəkdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 17-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.

Yenicag.az TQDK-nın saytına  istinadən xəbər verir ki, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 30 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahanın gedişini işıqlandırmaq üçün 70 – dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçmişdir.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 8-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:
– şəxsiyyəti təsdiq edən sənədin əsli;
– “İmtahana buraxılış vərəqəsi”.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Məlumat üçün bildirək ki, imtahanda 16070 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 7651 abituriyent II qrup üzrə, 8419 abituriyent III qrup üzrə imtahan verəcəkdir.

Abituriyentlərdən 15084 nəfəri (II qrup üzrə 7142 nəfər, III qrup üzrə 7942 nəfər) Azərbaycan bölməsinin, 986 nəfəri (II qrup üzrə 509 nəfər, III qrup üzrə 477 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 6728 nəfəri (II qrup üzrə 4602 nəfər, III qrup üzrə 2126 nəfər) oğlanlar, 9342 nəfəri (II qrup üzrə 3049 nəfər, III qrup üzrə 6293 nəfər) isə qızlardır. 13336 nəfər orta ümumtəhsil məktəblərinin, 236 nəfər ali təhsil müəssisələrinin, 2498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 47 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Ən yaşlı abituriyent 1977-ci ildən, ən gənci isə 1997-cı ildəndir.

Bakı şəhərində 7344, Naxçıvanda 763, Gəncədə 1837, Sumqayıtda 876, Mingəçevirdə 681, Şəkidə 802, Ağcabədidə 725, Göyçayda 657, Şirvanda 541, Lənkəranda 1004, Xaçmazda isə 840 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunmasına 117 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1366 nəzarətçi-müəllim cəlb olunacaqdır.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600