İlahiyyatçılar eks-spikerin “ağzının payını verdilər” – “O, müsəlman deyil”
Vaqif Cəliloğlu: “Namaz qiyamətə qədər öz əhəmiyyətini ititməyəcək”
Kənan Rövşənoğlu: “Bu fikirdə olan adam müsəlman hesab oluna bilməz”
Hacı Atif: “Bu səhv və yanlış fikirdir”
Elşad Miri: “İslam dinində islahatların aparılmalı olduğunu demək yanlışlıqdır”
Eks spiker Rəsul Quliyev bu dəfə dini mövzuda xeyli “quşlayıb”. Belə ki, son müsahibəsində namazın klassik əhəmiyyətini itirdiyini, səmavi hesab edilən dinlərin heç birinin fövqəlbəşər olmadığını bildirib. O, İslam dinində islahatlar aparılmasının vacibliyini də önə çəkib. R. Quliyev onu da deyib kİ, “gizli içən din xadimlərindən fərqli olaraq, açıq içirəm”. Bir sözlə, o bu müsahibəsində din xadimləri və dini təhqir edib.
Məsələ ilə bağlı ilahiyyatçı Vaqif Cəliloğlu Yenicag.az-a açıqlamasında R. Quliyevi yanlış fikir səsləndirməkdə ittiham etdi: “Allaha və valideynə itaətdən sonra namaz tərtibata görə üçüncü vacib əməllərdən biridir. O qiyamətə qədər öz əhəmiyyətini itirməyəcək və kim də onun haqqında nəsə deyirsə, yanlış fikirlərdir”.
Dini yazar Kənan Rövşənoğlu isə sabiq spikeri müsəlman hesab etmədi: “Rəsul Quliyevin səsləndirdiyi fikirlər İslamın təməl prinsiplərinə ziddir. Bu fikirlər müsəlmanın söyləyə biləcəyi fikirlər deyil. Bu fikirdə olan adam müsəlman hesab oluna bilməz. Çünki, dinimiz namaz və oruc tutmaqla bağlı bu iddiaları qəbul etmir. Onların inkarı dinin inkar olunmasıdır. R. Quliyevin ya dini bilikləri zəifdir, ya da bunu bilərəkdən söylədiyini deyə bilmərəm. Amma hər halda dedikləri bir müsəlman üçün yerində olmayan ifadədir”.
Hacı Atif də R. Quliyevin fikirlərində doğru olmadığını söylədi: “Mübarək Ramazan ayında hər kim olursa-olsun dini ayinlərimizə, dini atributlarımıza, şəxsiyyətlərə toxunarsa, belələri qəbulolunmaz bir insandır. Ramazan ayında belə ifadələri səsləndirənlər insan simasından kənar şəxslərdir. İstər dindar olsun, istərsə də olmasın, bütün insanların hörmətini saxlamaq hər birimiz üçün vacibdir. R. Quliyev müsahibəsində dediyi fikirləri düşünərək səsləndiribsə, bu səhv və yanlış fikirdir və onu qəbul etmirik”.
Digər ilahiyyatçı Elşad Miri təəssüf etdiyini qeyd etdi ki, insan dindən bu qədər xəbərsiz olduğu halda, belə fikirlər söyləyir: “R. Quliyev deyir ki, orqanizmin özü-özünü təmizləməsinə şərait yaratmaq üçün ildə bir neçə dəfə oruc tuturam. Belə bir anlayış yoxdur, Ramazan ayında ildə bir ay oruc tutmaq anlaşıyı var. Bunu onunla əlaqələndirir ki, ikiqat və yağlı yeməklər qəbul etmək onluq deyil. İslam dinində yağlı və ikiqat yeməyin vacibliyi barədə heç nə yoxdur. Əksin, hər bir şeyin qərərində olması bildirilir. Bunu isə belə təqdim etmək doğru deyil. Qeyd edir ki, Azərbaycanda oruc tutanlar 10 faiz də deyil. Əslində bu statistikanı heç kim aparmadığından belə bir iddianı ortaya atmaq doğru deyil. Bununla nə demək istəyir ki? Namaz qılmadığı halda fərqli bəhanələr gətirib özünə haqq qazandırmağın əhəmiyyəti nədən ibarətdir? Quranla bağlı dediyi məsələlər də İslama ziddir. Bu gün buddistlərin Çində müsəlmanlara qarşı törətdiyi soyqırım cinayət, qətliam göz qabağındadır. Ona görə də Rəsul Quliyev kimi onlara haqq qazandırmaq mümkün deyil. Yazır ki, İslam dinində islahatlar aparılmalıdır. Amma bu islahatlar dinimizlə bağlı yox, insanlar arasında aparılmalıdır. Bu da tək müsəlmanlara aid məsələ deyil. Bu günləri həqiqətən də bəziləri öz həlqəsindən çıxıblar. Amma bununla bağlı İslam dinində islahatların aparılmalı olduğunu demək yanlışlıqdır. İslam dininin əsası Qurandır, o da olduğu kimidir. Sadəcə olaraq Quranın anlaşılmasında təcrümə olunarkən müəyyən problemlər yaradılırsa, onun aradan qaldırılmasına çalışmaq və müzakirə aparmaq olar. Dini yaradan peyğəmbər deyil. Peyğəmbərin məqsədi sadəcə olaraq Allahın yaratdığı dini insanlara düzgün formada çatdırmaqdır”.
ELÇİN