Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi statusunda Mariya Peyçinoviç Buriçi Azərbaycanda görməkdən məmnun olduğunu bildirdi və 2019-cu ilin aprellində Xorvatiyanın baş nazirinin müavini, xarici və Avropa işləri üzrə nazir qismində ölkəmizə səfərini və səfər çərçivəsində görüşlərini qeyd edib.
Dövlət başçısı özünün Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi vaxtilə AŞPA-dakı fəaliyyətini xatırladıb. Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının konstruktiv dialoq əsasında inkişaf etməsinin vacibliyi bildirərək, Avropa Şurasına üzvlük çərçivəsində ölkəmizin qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində ardıcıl addımların atıldığını diqqətə çatdırıb.
Ölkəmizə səfər etməkdən məmnunluğunu bildirən Mariya Peyçinoviç Buriç Azərbaycanın Avropa Şurasında üzvlüyünün yüksək dəyərləndirildiyini deyib və üzvlük prosesi çərçivəsində ölkəmizin Avropa Şurasının çox sayda konvensiya və müvafiq sənədlərinə qoşulduğunu və bu əsnada işin aparıldığını bildirib.
Söhbət zamanı Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramının qəbul olunacağı məmnunluqla qeyd edilib və bu Proqramda bir sıra sahələrdə əməkdaşlığın nəzərdə tutulduğu vurğulanıb.
Prezident İlham Əliyev regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırılması üçün irəli sürdüyü təkliflər, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyət barədə Avropa Şurasının Baş katibinə məlumat verdi.
Dövlətimizin başçısı birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşdüyünü qeyd etdi və onların taleyinin müəyyənləşdirilməsi üçün Ermənistan tərəfindən kütləvi məzarlıqların yerləri haqqında məlumatın verilməsinin vacibliyini vurğuladı. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın mina problemindən ciddi şəkildə əziyyət çəkdiyini, 2020-ci il 10 noyabr Bəyanatından bəri 200-dən çox insanın minaların partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını diqqətə çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan beynəlxalq humanitar hüququn təməl prinsiplərinə ciddi şəkildə riayət edib. Ancaq buna baxmayaraq, müharibə dövründə Ermənistan tərəfindən çox sayda hərbi cinayətlərin törədildiyini bildirən dövlətimizin başçısı hərbi əməliyyatlar zamanı Ermənistanın şəhərlərimizi raketlərlə atəşə tutması, nəticədə aralarında uşaq və qadınlar da olmaqla 100-dən çox mülki şəxsin həlak olması faktını vurğuladı.
Prezident İlham Əliyev Avropa Şurasının da iki ölkə arasında etimad quruculuğu prosesinə və inteqrasiya olunmuş Cənubi Qafqaz regionunun qurulması işinə töhfə verə biləcək bir platforma rolunu oynaya biləcəyini qeyd edib.
Avropa Şurasının Baş katibi Azərbaycanın bu sahədə nümayiş etdirdiyi yüksək siyasi iradənin təqdir olunduğunu bildirib.
Mariya Peyçinoviç Buriç Avropa Şurasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və iki ölkənin cəmiyyətləri arasında etimadın qurulması prosesində platforma rolunu oynamağa hazır olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
***
11:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri qəbul edib.
Yenicag.az xəbər verir ki, dövlət başçısı birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşmüş hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb.
Dövlət başçısı bu yaxınlarda Xocavəndin Edilli kəndində belə bir kütləvi məzarlığın müəyyən olunduğunu, qazıntı işləri apararaq orada basdırılmış şəxslərin qalıqlarının aşkara çıxarıldığını və bu qalıqların DNT analiz təyinatlı laborator müayinələrə təqdim edildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev itkin düşmüş şəxslər məsələsinin daim dövlətimizin gündəliyində olduğunu, bunun Avropa İttifaqı və digər beynəlxalq təsisatlarla da müzakirə edildiyini vurğulayıb.
Azərbaycanın bu sahədə texniki imkanlarını genişləndirdiyini qeyd edən dövlətimizin başçısı ölkəmizdə yeni modul laboratoriyaların qurulduğunu, xüsusi dron uçuş aparatlarının və digər ləvazimatların alındığını, cəlb olunmuş mütəxəssislərin peşə qabiliyyətlərinin artırıldığını diqqətə çatdırdı. İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın təcrübəsinin və imkanlarının ölkəmiz üçün çox vacib olduğunu qeyd etdi, bu komissiyanın dünyanın müxtəlif ölkələrində uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdırdı.
Katrin Bomberger itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsində Azərbaycanla yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Qeyd etdi ki, təşkilat dünyanın müxtəlif ölkələrində, o cümlədən Qərbi Balkanlarda genişmiqyaslı fəaliyyət göstərib və itkin düşmüş hesab olunan minlərlə insanın taleyini müəyyən edərək onların ailəsinə məlumat verilməsində öz rolunu oynayıb.
DNT analiz nümunələrinin toplanması və laborator analizlər vasitəsilə insanların şəxsiyyətinin müəyyən edilməsinin vacibliyini bildirən Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumat bazasının yaradılması, kütləvi məzarlıqlarda birgə qazıntıların aparılması, yerli mütəxəsslərinin peşəkarlıqlarının artırılması kimi işlərə öz töhfəsini verməyə hazır olduğunu dedi. O, əlavə etdi ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi etimadın yaradılması və davamlı sülhün təmin edilməsi baxımından vacibdir.
İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyini və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əməkdaşlığa dair niyyət protokolunun imzalanacağını və praktiki işə başlayacaqlarını diqqətə çatdırdı.
***
11:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bombergeri qəbul edib.
Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
www.yenicag.az