İlham Əliyev beynəlxalq medianın DİQQƏTİNDƏ – Şuşada səslənən mesajların PƏRDƏARXASI
“İndiki forumun ən önəmli tərəfi Prezidentin media sahəsi ilə yanaşı, ümumilikdə Azərbaycan və regionla bağlı verdiyi mühüm və konkret mesajlar oldu”.
Bunu Yenicag.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli deyib.
O, dünya gündəminə səs salan III Şuşa Qlobal Media Forumu və onun əhəmiyyəti, həmçinin buradan səsləndirilən mesajları qiymətləndirib.
Y. Məmmədli bildirib ki, bu günlərdə qlobal medianın gündəmində daha çox Şuşada keçirilən III Şuşa Qlobal Media Forumu dayanır.
“Media forumunun əsas diqqət çəkən məqamı Prezident İlham Əliyevin iştirakı və çıxışları ilə bağlıdır. Onun verdiyi mesajlar həm ölkə daxilində, həm də xaricdə böyük rezonans doğurdu. Xüsusilə, region və beynəlxalq münasibətlərlə bağlı açıqlamaları diqqət çəkici idi. Artıq üçüncü dəfə keçirilən media forumu ölkəmizdə medianın inkişafında mühüm rol oynayır. Forumda hər il daha aktual məsələlər müzakirə olunur. Bu il də eyni qaydada ciddi məsələlər gündəmdə idi. Lakin indiki forumun ən önəmli tərəfi Prezidentin media sahəsi ilə yanaşı, ümumilikdə Azərbaycan və regionla bağlı verdiyi mühüm və konkret mesajlar oldu. Onun qəti, aydın və kəskin mövqeyi, suallara səmimi və cəsarətli cavabları beynəlxalq mediada geniş işıqlandırıldı”.
Y. Məmmədlinin fikrincə, xüsusilə dövlət başçısı Ukrayna məsələsi ilə bağlı səsləndirdiyi fikirlərlə böyük cəsarət və prinsipial mövqe nümayiş etdirirdi:
“Prezidentin Ukrayna xalqına işğalla barışmamaq üçün çağırışları həm Avropa, həm də dünya mediasında ciddi müzakirələrə səbəb oldu. Bununla yanaşı, Rusiya mediası da son iki gündə Azərbaycana qarşı yönəlmiş təzyiqlərini artırıb. Çoxlu sayda ittihamlar, təhdidlər, hətta qeyri-ciddi, absurd ifadələr səsləndirilir. Bu baxımdan, milli mətbuatımızın 150 illiyinə həsr olunan forum davam etdirilir. Forum çərçivəsində dünən və bu gün aparılan müzakirələr də kifayət qədər ciddi və əhəmiyyətli olub. Vacib məqamlardan biri də budur ki, forumda Azərbaycan mətbuatı ilə yanaşı, xarici ölkələrdən də nümayəndələr iştirak edirlər”.
“Forumda yalnız Azərbaycan və region yox, ümumiyyətlə, dünyada baş verən proseslər, medianın qarşılaşdığı çətinliklər, süni intellektin təsiri, sosial şəbəkələrin yaratdığı imkanlar və problemlər müzakirə olunub. Belə müzakirələr, şübhəsiz ki, medianın inkişafına xidmət edir. Azərbaycan mətbuatı belə tədbirlərdən faydalanaraq daha da inkişaf edəcək”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli