Ermənistanın özündə Nikol Paşinyanı savadsızdan başqa bir ifadə ilə adlandırmırlar. Bunun da səbəbi aydındır. Baş nazirliyi dövründə o, xaricə səmərəsiz və mənasız səfərləri, maraqsız, arqumentsiz çıxış və bəyanatları ilə yadda qalıb. Erməni KİV-lərinin yazdığı kimi, “Paşinyan kəndçidir və onun çıxışları artıq heç kim üçün maraqlı ola bilməz”.
Amma Paşinyanın əsas xüsusiyyəti onun tez-tez başqalarının gözündə “ağıllı” görünmək cəhdləri zamanı sərhədi seçə bilməməsi və bundan sonra klouna çevrilməsidir.
Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.
Bu iclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, MDB dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış ediblər:
“Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”.
Prezident qeyd edib ki, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.
“Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir. Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin çıxışında səslənən əsaslı arqumentlərə cavab verməyə uğursuz cəhd etdi.
O deyib ki, guya Qaregin Njde Ermənistanın türk işğalına və türklərin təşkil etdikləri ermənilərin soyqırımına qarşı mübarizə aparıb, 1918-ci ildə erməni-türk müharibəsi zamanı bir çox rusiyalı zabitlərlə birgə cəbhənin mühüm hissəsinə rəhbərlik edib, Vladimir həbsxanasında ölüb və bir çox sovet xadimləri Vladimir həbsxanasında ölüblər.
Öz qəribə çıxışının sonunda o qeyd edib ki, bu formatda tarixi təhrifin kifayət qədər vacib iclasın ab-havasına hansısa gərginlik gətirilməsi üçün istifadə olunmasını yersiz hesab edir.
Yekunda o, öz ənənəsinə uyğun olaraq deyib:
“Hesab edirəm ki, Azərbaycan Prezidentinin sözləri, ilk növbədə, erməni xalqına hörmətsizlikdir. Mən bunu dövlət başçılarına və onların təmsil etdiyi xalqlara qarşı hörmətsizlik hesab edirəm. Hörmətli həmkarlar, mən belə gərginliyə görə üzr istəyirəm. Amma siz gördünüz ki, onun müəllifi mən deyiləm”.
Ermənistanın baş naziri Nikol Paşinyandan sonra növbəti çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko olmalı idi. Dövlətimizin başçısı Belarus Prezidentindən icazə alaraq Nikol Paşinyanın çıxışında səslənən sözlərə tutarlı faktlarla cavab verdi. Prezident İlham Əliyev dedi:
“Mən, sadəcə, şərh verməyə məcburam. Belə ki, Ermənistanın baş nazirinin çıxışında söhbət məndən gedib. Halbuki mənim çıxışımda söhbət Ermənistanın baş nazirindən, xüsusən də erməni xalqından getməyib. Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər baş nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda yəqin ki, o da bunu tutub. Həmçinin hesab edirəm ki, nasist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dustaqlarını müqayisə etmək qətiyyən yolverilməzdir. Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları kitabxanada, internetdə tapmaq olar”.
Prezident İlham Əliyev iclas iştirakçılarının, xüsusilə də N.Paşinyanın diqqətinə bir daha çatdırmalı oldu ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub:
“Həmçinin, nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Mənim dövlət başçılarına hörmətsizlik göstərdiyimə gəlincə, düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib”.
Heç kim N.Paşinyanın bu cür darmadağın etməmişdi. Prezident İlham Əliyev öz qətiyyətli, sübutlu arqumentləri ilə N.Paşinyanın boş iddialarını faktiki olaraq məhv etdi və necə deyərlər, onu layiq olduğu şəkildə yerinə oturtdu.
Qoy, Ermənistanda artıq heç kimi təəccübləndirməsin ki, niyə hazırkı baş nazir Nikol Paşinyana heç kim hörmət etmir. Doğrusu, orada da hamı gözəl başa düşür ki, N.Paşinyanın dövründə Ermənistan özü qonşu dövlətlərin rəhbərləri üçün gülüş obyektinə çevrilib. Hamı çoxdan başa düşüb ki, onun ziddiyyətli fikirləri, ictimai bəyanatları onun ikiüzlü olduğunun aşkar əlamətidir. Yalanı həqiqət olaraq təqdim etməklə o, öz sözlərində ilişib qalır, cəfəngiyyat danışır və yekunda gülüş obyektinə çevrilir.
Səbuhi İmanov,
siyasi icmalçı
www.yenicag.az