!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Laçında - FOTOLAR/YENİLƏNİR

!Reklam – Yazi

Laçın rayonunun Qorçu qəsəbəsinin təməlqoyma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına qəsəbədə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın rayonunun şimal-qərbində dağlıq ərazidə, Şəlvə çayın sol qolu olan Qorçu çayının sahilində yerləşən eyniadlı qəsəbə rayon mərkəzindən 64 kilometr, Bakı şəhərindən isə 475 kilometr məsafədədir.

Qorçu qəsəbəsi Laçının Ağalaruşağı, Oğuldərə, Zağaltı, Qarabəyli, Korcabulaq, Lolabağırlı kəndləri ilə birlikdə layihələndirilir. Ümumi sahəsi 300 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 142,54 hektar təşkil edir. Müasir səviyyədə qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdəndir.

Diqqətə çatdırıldı ki, Qorçu qəsəbəsinə birinci mərhələdə köçürüləcək əhalinin yaşayışını təmin etmək məqsədilə birmərtəbəli 366 fərdi evin tikintisi nəzərdə tutulur. Bir fərdi evinin həyətyanı sahəsi 700 kvadratmetr olacaq. Ərazinin kəskin relyefli olduğunu nəzərə alaraq, perspektivdə Qorçu qəsəbəsinin inkişaf dövrü üçün dördmərtəbəli 39 yaşayış binasından ibarət məhəllələrin salınması planlaşdırılıb.

Qeyd edildi ki, qəsəbənin mərkəzində birinci mərhələdə sosial və ictimai obyektlər olan inzibati bina, klub-icma mərkəzi, kitabxana və internet zalı, tibb məntəqəsi, mehmanxana, idman-sağlamlıq mərkəzi, restoran, xalq sənətkarlığı emalatxanaları, satış köşkləri və bazar kompleksinin tikintisi nəzərdə tutulur. Qəsəbədə təhsil ocaqlarına olan tələbatı ödəmək məqsədilə, ilk növbədə, 264 yerlik məktəb və 140 yerlik uşaq bağçası, perspektivdə isə 864 yerlik məktəb və 280 yerlik uşaq bağçası tikiləcək.

Bildirildi ki, həmçinin qəsəbədə yaşayacaq əhalinin məşğulluğunun təmin olunacağı idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri üçün şərait yaradılır. Yaşayış zonalarını əlaqələndirmək üçün Qorçu çayının üzərində körpülərin inşası da planlaşdırılır.

***

Dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında iştirak edib.

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün rayonun Qorçu kəndində 2021-ci ildə istismara verilən “Kəlbəcər” yarımstansiyasından 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və ən əsası yolsuzluq şəraitində çəkilən ötürmə xətti boyunca hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılıb. 110 kilovoltluq xəttin üzərindəki ildırımötürücü funksiyalı fiberoptik kabellə internet xətti çəkilib ki, bu da enerjisistemin idarə edilməsində siqnalların etibarlı şəkildə ötürülməsi və məsafədən rəqəmsal idarəetmə üçün vacib elementdir.

Qeyd edildi ki, paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq müasir texnologiyalı yarımstansiya tikilib. Burada perspektiv inkişaf nəzərə alınmaqla 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və Rəqəmsal İdarəetmə Mərkəzi inşa edilib. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulmaqla tam avtomatlaşdırılıb, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğularla əlaqələndirilib. Müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiyada hər birinin gücü 25 MVA olan iki yeni transformator quraşdırılıb. Gələcəkdə ehtiyac yaranarsa, yarımstansiyanın transformatorlarının gücünü artırmaq mümkün olacaq.

Məlumat verildi ki, xüsusi razılaşdırılmış layihə əsasında müasir üslubda inşa edilən yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Sistem əhəmiyyətli “Qorçu” yarımstansiyanın ərazisində işçilər üçün yataqxana binası tikilib, lazımi şərait yaradılıb. Burada işləyən və qalmaq yeri ilə təmin edilən əməkdaşlar məhz laçınlılardır.

“Qorçu” yarımstansiyası yaxınlığında tikilən beynəlxalq hava limanının, Laçın və Kəlbəcərdəki meqalayihələrin, o cümlədən yaşayış massivlərinin, turizm və kənd təsərrüfatı infrastrukturunun enerji təchizatında xüsusi rol oynayacaq. Yaxın perspektivdə “Qorçu” yarımstansiyasından “Laçın” şəhər yarımstansiyasına 110 kV-luq ikidövrəli ötürmə xətti çəkiləcək və bununla da işğaldan azad edilən ərazilərin dairəvi elektrik təchizatı tamamlanmış olacaq.

Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən bu günədək Qarabağda və Şərqi Zəngəzurda bir yerdə 330 kV-luq, 11 yerdə 110 kV-luq olmaqla 12 yarımstansiya tikilib, 700 kilometrə yaxın yüksəkgərginlikli ötürmə xətti çəkilib. Beləliklə, işğaldan azad olunan bütün rayonlar elektrik enerjisi ilə təmin edilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonuna səfər edib.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısı Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməlqoyma mərasimlərində iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub.

Prezident İlham Əliyev, həmçinin 110/35/10 kv-luq “Laçın şəhər” yarımstansiyasının açılışında iştirak edib, Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.

COP29

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv