İlham Əliyev Laçında iki fabrikin açılışını etdi - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib.
Yenicag.az xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısı İlham Əliyevə fabrik barədə məlumat verdi.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir.
Bildirildi ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.
Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.
Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşdü.
Prezident İlham Əliyev: Necə yaşayırsınız doğma torpaqda?
Sakinlər: Yaxşı, Sizin sayənizdə yaxşı.
Prezident İlham Əliyev: İş yeri də açılıb.
Sakinlər: Hər şey gözəldir.
Prezident İlham Əliyev: Evlərlə də təmin olunmusunuz.
Sakinlər: Bəli, çox yüksək səviyyədə. Allah canınızı sağ eləsin. Sizin kimi gözəl Prezidentimiz var.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Biz həmişə Sizə dünya Lideri deyirik. Siyasi cəhətdən, mənəvi cəhətdən, maddi cəhətdən xalqımıza çox böyük dəstək olursunuz. Sizə çox-çox minnətdarıq.
Prezident İlham Əliyev: Çox sağ olun
Sakin: İnşallah, gələn il bu vaxt gələndə şəxsən bizim evə qonaq gələrsiniz.
Prezident İlham Əliyev: Gələrəm.
Sakin: Başımız üstə yeriniz var, 495 nömrəli evdə Sizi gözləyirik.
Prezident İlham Əliyev: Şəhərdə qalırsınız?
Sakin: Bəli. Bayraq meydanı ilə üzbəüz. Gözümüz üstə. Siz çox sadə adamsınız. Xalqınızı çox sevənsiniz. Hər bir şeyə dəyər verənsiniz. Bizim üstümüzdə Sizin haqqınız çox-çox yüksəkdir.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Biz də fəxr edirik ki, Sizin kimi gözəl Prezidentimiz var.
Prezident İlham Əliyev: Mən də sizinlə fəxr edirəm. Uzun illər ərzində işğal həyatını yaşamısınız, ancaq ümidlərinizi itirməmisiniz. Bilirdiniz, inanırdınız ki, qayıdacaqsınız və qayıtmısınız. İndi həm evlərlə təmin olunmusunuz, həm də iş yeri ilə, gözəl sənaye zonası yaradılıb. Düzdür, Laçın cənnətin bir parçasıdır, burada yaşamaq da xoşdur, çalışmaqda, işləmək də. Əsas odur öz torpağında, öz doğma torpağındasan.
Sakin: Vətənimizdəyik, ata-baba yurdumuzdayıq. Çox-çox minnətdarıq.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Sakinlər: Çox sağ olun, var olasınız.
Prezident İlham Əliyev: Sabah Müstəqillik Günüdür.
Sakin: Gələn ayaqlarınız var olsun, Allah kölgənizi daimi etsin.
Prezident İlham Əliyev: Sağ olun, sizinlə bayram ərəfəsində görüşürük.
Sakin: Ən böyük şansdır bizim üçün.
Prezident İlham Əliyev: Xoşbəxt yaşayın.
Sakinlər: Çox sağ olun, təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi.
Qarabağın əsrarəngiz təbiətində, Laçın rayonunun dağ zirvəsində yerləşən bu məkan bölgənin turizm potensialını əks etdirən müasir istirahət mərkəzi olmaqla işğaldan azad edilmiş ərazilərin bərpası və regionda turizmin inkişafına xidmət göstərən mühüm layihələrdən biridir.
Bildirildi ki, ərazisi 11.2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan “Laçın” İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək.
İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, 100 nəfərlik konfrans zalı və toplantı otağı yaradılıb.
Kompleksdə fəaliyyət göstərəcək restoran və kafelər həm milli mətbəxin, həm də dünya mətbəxinin təamlarını qonaqlara təqdim edəcək.
Burada qonaqların istirahətini mənalı və əyləncəli keçirmələri üçün boulinq, VR oyun zonaları, karaoke, bilyard, uşaq əyləncə mərkəzi fəaliyyət göstərəcək. Kompleksin ərazisindəki futbol və basketbol meydançaları, velosiped və yürüş zolaqları qonaqlara dağ mənzərələri fonunda aktiv istirahət təqdim edəcək.
Bu istirahət məkanında 174 nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışında iştirak edib.
Yenicag.az xəbər verir ki, “AzərEnerji” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına əvvəlcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidro yaşıl enerji layihələri barədə məlumat verdi.
Bildirildi ki, bu günədək istismara verilən 32 və artıq istismara hazır olan 6 stansiyanın işə salınması nəticəsində su elektrik stansiyalarının sayı 38-ə, onların gücü isə 307 MVt-a çatdırılır. Yaradılmış su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına illik 200 milyon kubmetrədək təbii qaza qənaət edilir və 400 min tonadək karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınır.
Dövlətimizin başçısına “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyaları haqqında məlumat verildi. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə “Aşağı Malıbəyli” və 3,5 MVt gücündə “Mirik” su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəyli” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Yeni istismara verilən stansiyalarda Laçın rayonunun sakinləri çalışacaqlar.
Prezident İlham Əliyev “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarını işə saldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib.
Yenicag.az xəbər verir ki, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır.
Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub.
Buradakı otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb.
Sonra Prezident İlham Əliyev Bəylik kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailə – 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır.
Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
Yenicag.az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzindən şəhərin ərazisində yerləşən istehlakçıların – yeni salınan yaşayış komplekslərinin, tikintisi aparılan sənaye və sosial təyinatlı infrastrukturun, kənd təsərrüfatı və turizm obyektlərinin, xüsusən əhalinin elektrik enerji təchizatının fasiləsizliyinin və dayanaqlığının təmin olunması nəzərdə tutulur. Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Burada hər birinin gücü 1600 kVA olan iki ədəd güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 kV-luq və 0,4 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün “Laçın” yarımstansiyasından 4,8 km uzunluğunda ikidövrəli elektrik verilişi xətləri çəkilib. Burada quraşdırılan müasir avadanlıq bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edir ki, bu isə öz növbəsində şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına şərait yaradır.
Mərkəzdə, həmçinin istehlakçıların elektrik enerjisi verilişində planlı fasilələrin yaranması barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılma imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal İdaretmə Mərkəzində avtomatik idarə olunduğundan elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, həmçinin cihaz və avadanlıqların qarşılıqlı koordinasiyasını tam təmin edən mərkəz vasitəsilə əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması həyata keçirilir. Bununla yanaşı, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyası da icra olunur. Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir və idarəetmə əməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətinə ehtiyac olmur.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib.
Yenicag.az xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısı İlham Əliyevə fabrik barədə məlumat verdi.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir.
Bildirildi ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.
Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.