!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Moxber və Əl Nəhyan ilə telefonda danışdı

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyev ilə İranın Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxber arasında iyunun 5-də telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı əsnasında dövlətlər arasında tarixi dostluq, qonşuluq və xalqlar arasında qardaşlıq münasibətlərinin mövcud olduğu bir daha vurğulanıb.

Söhbət zamanı Prezident İlham Əliyev ilə İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan-İran sərhədində keçirilmiş görüşü, görüşdə aparılmış müzakirələrin və əldə edilmiş razılaşmaların əhəmiyyətinə toxunulub. Qeyd edilib ki, bir çox önəmli məsələlərin müzakirə edildiyi həmin görüşdə əlaqələrin inkişafının gələcək istiqamətləri və hər iki tərəfin güclü siyasi iradəsi bir daha təsdiqlənib. Azərbaycanın bu görüşdə əldə edilmiş razılaşmalara tam şəkildə sadiq olduğunu deyən dövlət başçısı bildirib ki, ölkəsi onların icrası istiqamətində İran İslam Respublikası ilə birlikdə fəaliyyətini davam etdirəcək.

Azərbaycan Prezidenti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə bağlı İran dövlətinə və xalqına bir daha başsağlığı verib.

Başsağlığına görə təşəkkürünü bildirən Məhəmməd Moxber də öz növbəsində İran tərəfindən Prezident İlham Əliyev ilə İranın mərhum Prezidenti Seyid İbrahim Rəisinin görüşü zamanı əldə edilmiş razılaşmaların ölkələrin maraqlarına uyğun olaraq həyata keçiriləcəyini qeyd edib.

Telefon danışığı zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər də müzakirə olunub.

***

İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana zəng edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin iştirakı ilə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasının əhəmiyyətinə toxunaraq, bu sahədə ölkələrimiz arasında mövcud əməkdaşlıqdan məmnunluğunu bildirib.

Telefon danışığı zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə dinamik inkişaf etdiyi vurğulanıb.

COP28-in sədri olaraq Birləşmiş Ərəb Əmirlikləri və COP29-un sədri olaraq Azərbaycan arasında həyata keçirilən əməkdaşlıq və təcrübə mübadiləsindən məmnunluq ifadə olunub. Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı COP29 Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana dəvət edib.

Dövlət başçısı ölkəmizin üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində verdiyi maliyyə töhfəsinə və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda humanitar əsaslı tikinti layihələrinə töhfə vermək niyyətinə görə Birləşmiş Ərəb Əmirliklərinə minnətdarlığını bildirib.

Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ölkələrimiz arasında münasibətlərin dostluq, qardaşlıq və strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha vurğulayıb.

Telefon danışığı əsnasında dövlət başçıları əlaqələrimizin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

COP29

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv