"Zelenski Rusiya-Avropa müharibəsinin hərbi alətidir" – TƏHLİL
“Zelenski Rusiya-Avropa müharibəsinin hərbi alətidir.”
Bu ittihamı Yenicag.az-a açıqlamasında politoloq Azad Məsiyev dilə gətirib.

Politoloq Rusiya-Ukrayna müharibəsi haqqında danışaraq Zelenskini sərt tənqid edib:
“Rusiyada yanacaq problemi müharibənin tərkib hissəsidir. Ukraynada baş verənlər NATO və Rusiya arasında gedən savaşdır. Bu savaşda Rusiya Ukraynanın 20% ərazisinə nəzarət edir və hər gün Ukraynanın dərinliklərinə doğru irəliləyir. Rusiya əleyhinə 50-yə yaxın dövlətdən ibarət koalisiya formalaşıb. NATO hazırda bu savaşda məğlub tərəfdir. NATO Rusiyanı heç cür geri otuzdura bilmir. NATO bloku Ukrayna adı altında Rusiya daxilində sosial vəziyyəti gərginləşdirmək üçün neftayırma zavodlarını vurmaqla ölkədə iqtisadi xaos yaratmaq istəyir. Xatırladaq ki, 5 ilə yaxındır başda ABŞ olmaqla NATO bloku Rusiyaya beynəlxalq sanksiya tətbiq etdilər və iqtisadi sistemdən təcrid etməyə çalışdılar, amma bu sanksiyalar özünü doğrultmadı. Rusiya geri çəkilmədi və daxildə ciddi problemlər yaranmadı. Təbii ki, indiki taktiki gedişlə sosial problemlər yaradaraq ölkə daxilində narazılıq yaratmağa çalışırlar. Ukrayna özünü müdafiə etmək üçün ‘bütün vasitələr məqbuldur’ prinsipi ilə hərəkət edir. Rusiyanın neftayırma zavodlarını vurmaqla daxildə narazı kütlə yaratmaq müharibənin taktiki gedişidir. Doğrudur, vurulan zavodlar müvəqqəti olsa da fəaliyyətini dayandırır, amma bu zərbələr ölkədə sosial partlayış həddinə gəlməyib hələ də. Belə hərəkətlərə Rusiya da adekvat cavab verərək hər gün yeni yaşayış məntəqələri ələ keçirir. Nəticə etibarilə ən böyük zərər Ukrayna xalqına vurulur.”
Politoloq hesab edir ki, Ukrayna bu üsulla Rusiyanı masada müəyyən güzəştlərə məcbur etmək istəyir:
“Bu üsul Rusiyanı danışıqlarda güzəştə getməyə məcbur etmək üçün həyata keçirilir. Rusiya tərəfi də açıq şəkildə bəyan edir ki, onlar yalnız öz şərtlərinin qəbul ediləcəyi halda danışıqlara razıdır. Hazırkı görüntü Rusiyanın hərbi və diplomatik müstəvidə qalib tərəf olduğunu göstərir. Rusiya Ukraynanın torpaqlarına nəzarət edir və danışıq prosesində də diktə edən tərəf olmağı bacarıb. Müharibə qanunlarına görə də, qalib tərəfin şərtləri qəbul edilməlidir. Beynəlxalq hüquq müstəvisində məsələyə yanaşsaq, beynəlxalq hüquq öz təsirini itirib. Artıq dünyanın güc mərkəzləri dünya siyasətini beynəlxalq hüquqla deyil, gücün qanunu ilə tənzimləyir. Biz bunu Venesuelada, İranda, İraqda və başqa ölkələrdə də gördük.”
A. Məsiyev Rusiyanın artıq Ukraynanın dərinliklərinə doğru irəlilədiyini, hər keçən gün daha çox yaşayış məntəqəsi ələ keçirdiyini diqqətə çatdırıb:
“KİV-də də gördüyünüz kimi, Rusiya hər gün daha da Ukraynanın dərinliklərinə daxil olmağa davam edir. Ukraynanın şəhərlərini bombardman edir və nəticədə ən böyük zərər Ukrayna xalqına dəyir. Rusiyanın hansısa zavodlarını, neft bazalarını vurmaqla Rusiya bu münaqişədən geri çəkilən deyil. Bu zərbələr Rusiyanı daha kəskin, daha sərt addımlar atmağa sövq edir. Zelenski hakimiyyəti Qərbin əlində alətə çevrilib. Rusiya və NATO arasında gedən müharibədə alət rolunu öz üzərinə götürüb. Avropa münaqişənin dinc yolla aradan qaldırılmasında maraqlı deyil, əksinə, daha da uzanmasını istəyir.”
Nurlan Cəfəri













